close

Sumqayıtlılar: “Zibilin iyindən küçədən keçmək olmur”

Foto: Meydan TV

Məhəllə sakinləri deyir ki, fabrikin kanalizasiya suları əraziyə axıdılır

“Bu yaşayış massivi 2013-cü ildə salınıb. Salındığı gündən bu yana da problemlər hökm sürür. Nə normal zibil qutusu, nə də təmizliyi var. Tullantıların iyindən küçədən keçmək olmur”.

Bunu Meydan TV-yə Sumqayıtda “Mero” adı ilə tanınan ərazinin yaxınlığında yaşayan sakinlər bildiriblər.

Sakinlərdən Fərid Qafarov deyib ki, zibilin atılması üçün xüsusi yer olmadığından tullantılar elə yolun kənarına, küçəyə atılır. Yağış yağan kimi gölməçələr yaranır, tullantılar gölməçələrin üzərində iyrənc vəziyyət yaradır. Pis qoxudan evlərdə oturmaq olmur:

“Ərazidə bir neçə ildir fabrik fəaliyyətə başlayıb. Fabrikin kanalizasiya xətti də əraziyə axıdılır”, – sakin deyib.

Şikayətçilər bildiriblər ki, son 2 ildir tullantılarla bağlı dəfələrlə şikayət ediblər. 1-2 dəfə ərazi təmizlənsə də, çox keçməyib ki, eyni vəziyyət yaranıb:

“Bəzən kanalizasiya suyu yağış suyuna qatılaraq yaxınlıqdakı evlərin həyətinə dolur. Zibilin iyindən küçədən keçmək olmur. Qarşıdan yay gəlir, həşəratların, zibilliyə toplaşan sahibsiz heyvanların əlindən evdə oturmaq mümkün olmayacaq. Dərdimizi kimə deyəcəyimizi bilmirik”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Sumqayıt bələdiyyəsindən isə deyiblər ki, ərazinin onların balansında olub-olmadığını müəyyənləşdirmək üçün xəritəyə baxmalıdırlar. Lakin gün ərzində dəfələrlə zəng vurulsa da, sual cavablandırılmayıb. Bununla belə, Meydan TV əməkdaşı  ilə təkrar əlaqə saxlayan sakinlər ərazinin bir neçə gün əvvəl yenidən təmizləndiyini, lakin bu təmizliyin neçə gün çəkəcəyini bilmədiklərini söyləyiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Sumqayıtda daha bir ərazində natəmizliklə ilə bağlı məlumat yayıb. Nazirliyin açıqlamasında deyilir ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən quşçuluq müəssisəsində formalaşan tullantıların ərazidəki “Acıdərə” adlanan kanala atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı kanala axıdılan tullantıların yaxınlıqdakı “Murad Aqro” MMC quşçuluq təsərrüfatı müəssisəsinə aid olduğu müəyyən edilib:
“Faktla bağlı akt, protokol tərtib edilib və müəssisənin direktoru Maqsud Əlizadə vəzifəli şəxs qismində cərimə olunub”.

Xidmət rəsmisinin sözlərinə görə, çatışmazlıqların aradan qaldırılması və istehsalat zamanı formalaşan tullantıların düzgün idarə olunması məqsədilə müəssisə rəhbərinə məcburi göstəriş verilib.

Ana səhifəBölgəSumqayıtlılar: “Zibilin iyindən küçədən keçmək olmur”