close

Fermerlər qiymət artımını tələbatla əlaqələndirirlər

Source: arxiv

“Kəndlərdə örüş yerləri azalıb, yem baha başa gəldiyindən iri təsərrüfatlar saxlamaq sərfəli deyil”

“Bayram ərəfəsi qoyun əti, hinduşka bahalaşıb. Ötən həftəyədək kiloqramı 15 manatdan satılan hinduşka 19-20, quzu əti 18 manata yüksəlib”.

Ağdaşlı fermer Hikmət İsmayılov Meydan TV-yə danışıb ki, daha çox quzu və hinduşkaya tələbat olduğundan qiyməti artırıblar.

“Ötən həftə hinduşka ətinin kiloqramını 15 manata verirdik, hazırda 17 manatadır. Quzu əti isə 16-17 manatdan satılır”,-fermer deyib.

Onun sözlərinə görə, hind toyuğuna tələbat yalnız bayram ərəfəsi olur. Buna görə də bayramdan bir neçə gün sonra qiymət enəcək. Quzu əti isə əksinə 20 manatadək bahalaşa bilər.

Ağdaşlı fermerlər deyirlər ki, heyvandarlıq təsərrüfatlarında məhsuldarlıq birbaşa yemdən asılıdır. Bu il Ağdaşda xüsusilə yoncanın məhsuldarlığı aşağı olub. Su çatışmazlığı, bir yandan da hava şəraiti məhsuldarlığa ciddi təsir edib. Fermerlərdən biri danışıb ki, kəndlərdə örüş yerləri azalıb, yem baha başa gəldiyindən iri təsərrüfatlar saxlamaq sərfəli deyil.

Beyləqanda da ətin cüzi bahalaşması müşahidə edilir. Fermerlər bildiriblər ki, xərcləri artıb, buna görə də bala verəcək heyvanlar vaxtından əvvəl kəsimə gedir.

“Qışlaqlarda ot örtüyü ciddi seyrəlib, xırdabuynuzli heyvan saxlamaq sərfəli deyil”, – adının açıqlanmasını istəməyən fermer deyib.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, quzu əti istehsalı aşağı düşüb. Son 1 ildə xırdabuynuzlu heyvanların sayında 770 min başdan çox azalma var. Artıq heyvandarlıqla məşğul olanların sayı da azalıb. Bu isə örüş sahələrinin azalması ilə bağlıdır.

Məhərrəmli hesab edir ki, Azərbaycan idxaldan asılı vəziyyətə düşüb. Buna görə də bazarda qiymətlərin kəskin dəyişməsi bir müddət davam edəcək:

“Rusiyada dana əti 8 manatadır, Azərbaycanda isə 20 manatdır. Buna görə də hökümət çalışıb daxili bazara fikir verməlidir”.

Rəsmi statistikaya əsasən, bu ilin oktyabrın 1-dək ötən ilə nisbətdə iribuynuzlu heyvanların sayında 4.3, xırdabuynuzlu heyvanların sayında isə 8.9 faiz azalma qeydə alınıb. Bu isə son on ilin ən aşağı həddi hesab olunur.

Ana səhifəBölgəFermerlər qiymət artımını tələbatla əlaqələndirirlər