close

FHN-in polkovniki yenidən məhkəmə qarşısına çıxarılır

Fövqəladə Hallar Nazirliyi. Foto: FHN

Hər iki tərəf apelyasiya şikayəti verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, nazirlikdəki iş otağında tabeliyində olan xanım əməkdaşlarla intim hərəkətlərini videoya çəkməkdə ittiham olunan polkovnik Zaur Mirzəyev yenidən məhkəmə qarşısına çıxarılacaq. Onun haqqında çıxarılmış hökmdən həm özü, həm də zərərçəkmiş tərəf narazı qalaraq, apelyasiya şikayəti verib.

Mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Gizli şəkildə görüntüləri çəkilən zərərçəkmiş qadınlardan birinin qaldırdığı 192 min manatlıq mülki isə iddia qismən təmin olunub. Məhkəmə Zaur Mirzəyevin üzərinə zərərçəkmişə 4 min manat təzminat ödəmək öhdəliyi qoyub.

Həmin zərərçəkmiş apelyasiya şikayəti verərək, həm Zaur Mirzəyevin cəzasının ağırlaşdırılmasını, həm də 192 min manatlıq mülki iddiasının tam təmin olunmasını istəyir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəyevin işi üzrə məhkəmə prosesi qapalı keçirilib. Bu işdə şəxsi həyata aid sirlər olması əsas gətirilib. FHN polkovniki özü də məhkəmə prosesinin qapalı keçirilməsini istəyib, vəkili bu barədə vəsatət qaldırıb. Lakin zərərçəkmişlərdən birinin vəkili əksinə, məhkəmə prosesinin açıq keçirilməsi haqda vəsatət qaldırıb. Zərərçəkmiş bildirib ki, Zaur Mirzəyevin nazirlikdəki iş otağında gizli kamera qurşdırması və nəticədə görüntülərin yayılması qadınların həyatına, işlədiyi qurumun nüfuzuna birbaşa zərbə vurub. Məhkəmə prosesi açıq keçirilməli, ictimaiyyət onun hərəkətlərindən xəbər tutmalıdır. Lakin hakimlər onun vəsatətini təmin etməmişdilər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmə prosesinin gedişində sözügedən zərərçəkmişlə Zaur Mirzəyev arasında dəfələrlə qarşılıqlı ittihamlar olub.

1979-cu il təvəllüdlü Zaur Mirzəyev məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, görüntüləri özü gizli şəkildə çəksə də, yaymayıb. Onun sözlərinə görə, çəkməkdə məqsədi də gələcəkdə həmin qadınlar tərəfindən şantaj olunacağı halda, bunun qarşısını almaq idi.

Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.

Polkovnik Zaur Mirzəyev 2022-ci il avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.

“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, – ittihamda belə yazılıb.

Zaur Mirzəyev isə xidməti asılılıqdan istifadə etmədiyini, heç kimi heç nəyə məcbur etmədiyini bildirib.

Zərərçəkmiş qismində tanınan qadınlar məhkəmədə ondan şikayətçi olduqlarını bildiriblər. Görüntülər yayılandan sonra onların ailəsi dağılıb. Zərərçəkmişlərdən biri deyib ki, hətta uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb.

Ana səhifəSosialFHN-in polkovniki yenidən məhkəmə qarşısına çıxarılır