close

Taxılçılıqla məşğul olan fermerlər zərərlə üzləşdiklərini deyirlər

Taxıl zəmisi. Foto: “Azərtac”

Vahid Məhərrəmli: “Yalnız suvarma suyu ilə təminat deyil, bu sahə üzrə peşəkarlar da yoxdur”

“Onsuz da taxılı suvarmaqda çətinlik çəkirdik, məhsuldarlıq aşağı idi. Güclü küləklə müşayiət olan leysan yağışlar da bir tərəfdən sahələrə ziyan vurdu, borca düşdük”.

Bunu Meydan TV-yə şəkili fermer Vaqif Vəliyev bildirib. Onun sözlərinə görə, son iki-üç ildir taxıldan qazanc götürə bilmirlər. Çünki suvarma dövründə su olmur. Bu il isə hava şəraiti əlverişli keçməyib.

“Şəkidə vəziyyət elədir ki, son ümid yeri kimi taxıl əkirik. Son qəpiyimizi də sahəyə xərcləyib, yenidən borclanırq”,- Vəliyev söyləyib.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Meydan TV-yə açıqlamasında Şəki də daxil olmaqla bir neçə bölgədə taxılçılqla məşğul olan fermerlərin zərərlə üzləşdiklərini deyib.

Ekspert hesab edir ki, taxılçılıqda gözləntilər özünü doğrultmur.

Ərzaqlıq buğda istehsalının artırılması ilə bağlı ötən il sərəncam imzalanıb. Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayan buğda istehsalçılarına həm əkin sahəsinə, həm də məhsula görə subsidiya veriləcək. Mən hesablama aparmışam, hektardan orta hesabla 50-60 sentner məhsul olarsa, fermer 600-700 manata qədər subsidiya ala biləcək. Məhsuldarlıq 50 sentnerdən aşağı olarsa, fermerə heç nə qalmır”, – Məhərrəmli deyib.

İqtisadçının sözlərinə görə, buğda istehsalçları üçün büdcədən 180 miilyon manat ayrılması nəzərdə tutulub. Ancaq bunun o qədər də əhəmiyyəti olmayacaq:

“Əsas məsələ sahədə olan problemləri aradan qaldırmaqdır. Rəsmi statistikaya görə, əkin əraziləri artıb, amma bununla yanaşı, mövcud problemlər də artıb. Suvarma suyuna olan ehtiyac da artıb. Şəki, İmişli, Saatlı və digər ərazilərin nümunəsində suvarma suyu ilə təminatda problemlər daha da böyüyüb”.

Vahid Məhərrəmov
Foto: Vahid Məhərəmovun şəxsi arxivindən

V.Məhərrəmli hesab edir ki, hökumət yerlərdə olan problemləri həll etmir. Yalnız suvarma suyu ilə təminat deyil, bu sahə üzrə peşəkarlar da yoxdur. Halbuki mütəxəssislər kəndlərdə fermerləri məlumatlandırmalı, onları düzgün istiqamətləndirməlidirlər. Bazar iqtisadiyyatı rəqabət qabiliyyətli məhsul istehsal edilməsini tələb edir.

Ölkədə 600 min hektardan çox buğda əkin sahəsi mövcuddur. Kənd təsərrüfatı naziri dəyişdirildi, yeni nazir taxılçılıqla məşğul olmaldır. Çünki ölkənin mövcud olan əkin sahələrinin 60 faizində taxıl əkilir”, – mütəxəssis deyib.

O qeyd edib ki, taxıl istehsalı ilə bağlı güzəştlərdən yalnız iri təsərrüfatlar, aqroparklar qazanacaqlar. Yəni oliqarx məmurlar dövlətdən asanlıqla vəsait əldə edəcəklər. Çünki müəyyən şərtlər var, məsələn, müasir suvarma sistemi quraşdırılmalıdır, bunu isə kəndli fermerlər vəsait olmadığından edə bilmirlər.

“2013-cü ildən bəri iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı danışırlar. Çoxlu iri təsərrüfatlar yaradıldı, aqroparklar fəaliyyət göstərir. Ancaq keçən il ölkəyə buğda idxalı 32 faiz artıb. Bu o deməkdir ki, hökumət problemin nədən ibarət olduğunu müəyyən edə bilməyib. Kənd təsərrüfatını başlı-başına buraxıblar. Əsas sahədə mövcud olan problemlər həllini tapmasa, subsidiyanı on dəfə atırsalar da, kömək etməyəcək”.

Ana səhifəİqtisadiyyatTaxılçılıqla məşğul olan fermerlər zərərlə üzləşdiklərini deyirlər