close

“G7”-dən Rusiyaya tələb: “Ukraynaya vurduğu ziyana görə 486 milyard dollar ödəməlidir”

“G7” ölkələri. Foto: Maxx-Studio/shutterstock

Sammit iştirakçıları Moskvaya Ukraynada nüvə və ya digər kütləvi qırğın silahlarından istifadə etməmək barədə xəbərdarlıq ünvanlayıblar

“Böyük Yeddilik” (G7) ölkələri Rusiyadan müharibəyə son qoymağa və Ukraynaya vurduğu ziyana görə 486 milyard dollar ödəməyi tələb edir.

Bu barədə iyunun 14-də “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin İtaliyada keçirilən sammitdə qəbul etdiyi bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, Rusiyanın beynəlxalq hüquq çərçivəsində vurduğu zərərin ödənilməsi ilə bağlı öhdəlikləri aydındır:

Buna görə də Rusiyanın bu öhdəlikləri yerinə yetirməyə məcbur edilməsinin bütün mümkün hüquqi yollarını nəzərdən keçirməyə davam edirik. Moskva müharibəni bitirənə və dəymiş ziyanı aradan qaldırana qədər ölkədən kənarda saxlanılan Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq”.

“G7” ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün istifadə etmək niyyətindədirlər. Xüsusilə, 2024-cü ilin sonuna qədər Kiyevə 50 milyard dollar kredit verəcəklərini vəd ediblər.

Sammit iştirakçıları həmçinin Rusiyaya Ukraynada nüvə və ya digər kütləvi qırğın silahlarından istifadə etməmək barədə xəbərdarlıq ünvanlayıblar:

“Biz Rusiyanın məsuliyyətsiz nüvə ritorikasından dərin narahatıq. Nüvə, kimyəvi, bioloji və ya radioloji silahlardan istənilən istifadənin ciddi nəticələri olacağını vurğulayırıq”.

İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlanması üçün şərtləri açıqlayıb.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəSiyasət“G7”-dən Rusiyaya tələb: “Ukraynaya vurduğu ziyana görə 486 milyard dollar ödəməlidir”