close

Gələn ilin büdcəsində nəzərdə tutulan ƏDV artımı nədən xəbər verir?

Foto: Meydan TV

Müstəqil ekspertlər qiymət artımını proqnozlaşdırırlar

Dövlət büdcəsinin 2024-cü ildə gözlənilən 33 765 milyon manatlıq gəlirinin 17 695 milyon manatının vergi hesabına formalaşacağı gözlənilir.

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında belə qeyd edilib.

Həmin məbləğin 1895 milyon manatının fiziki şəxslərdən gəlir vergisi, 5675.6 milyon manatın hüquqi şəxslərdən gəlir vergisi, 3376 milyon manatın isə əlavə dəyər vergisi olacağı gözlənilir.
Qalanına aksizlər, hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, mədən vergisi, sadələşdirilmiş vergi, yol vergisi daxildir.

Dövlət Gömrük Komitəsi
Foto: Meydan TV

Dövlət Gömrük Komitəsindən isə 4425 milyonluq verginin 4215 milyonu əlavə dəyər vergisinin payına düşür.  Qalanı aksizlər və yol vergisidir.

Göstəricilərdən görünür ki, 2024-cü ilin büdcəsinin ilkin variantında əlavə dəyər vergisində artım var. 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vasitəsilə 2814.3 milyon manat, Dövlət Gömrük Xidməti vasitəsilə isə 3196 milyon manat əlavə dəyər vergisi nəzərdə tutulmuşdu.

Bu artım nədən xəbər verir?

Müstəqil iqtisadçılar əlavə dəyər vergisində artımın qiymət bahalaşmasından xəbər verdiyini bildirirlər.

İqtisadçı Toğrul Maşallı deyir ki, düzdür, Maliyyə Nazirliyinin 2024-cü ilin büdcəsi ilə bağlı açıqladığı məlumatlardan ətraflı və detallı məlumat əldə etmək çətindir, lakin müəyyən fikirlər irəli sürmək olar:

“2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü il üçün dəyişikliklərdən sonra təsdiqlənmiş dövlət büdcəsindən aşağı olaraq təklif edilir. Buradan görünür ki, indi qüvvədə olan büdcə ilə müqayisədə gömrük rüsumların yığımlarında cəmi 1,3 faiz artım gözlənilir. Bu, ciddi dəyişiklik deyil, amma eyni zamandan, idxal ƏDV-sində 32 faizlik artım göstərilir. Yəni Gömrük Xidməti hesab edir ki, ya birdən-birə idxal, ya da qiymət artacaq”.

Toğrul Maşallı
Foto: Toğrul Maşallının şəxsi arxivindən

İqtisadçı bildirir ki, bu artım çox yüksəkdir. Hətta daxili ƏDV və dövlət rüsumu üzrə 18-20 faizlik artım göstərilir.

Başqa bir iqtisadçı Fərid Mehralızadə isə “tez-tez görürük, açıqlamalarda bildirilir ki, Dövlət Gömrük Komitəsi proqnozdan çox vergi yığıb”, – deyir.

İqtisadçı hesab edir ki, 2023-cü ildə bahalaşma gözləniləndən çox olub və görünür, burada bu ilin real vəziyyətinə uyğun addım atıblar:

Fərid Mehralızadənin şəxsi arxivindən

Yəni bu il qiymətlərdə artım var, düşünüblər ki, gələn il də bu ilin real nəticəsinə uyğun artım ola bilər. Görünür bu ilin artımı gözlədiklərindən çox olub deyə, gələn ilin büdcəsini bu ilə uyğun tənzimləyiblər”.

Nədir ƏDV?

2023-cü ilin dövlət büdcəsində üçüncü ən böyük gəlir qaynağı Əlavə Dəyər Vergisi (ƏDV) olub. İl ərzində bu vergi üzrə dövlət büdcəsinə 6 milyard 42 milyon manatın daxil olması nəzərdə tutulurdu. Bu da ümumi büdcə gəlirlərinin 19.6 faizi deməkdir.

Bu, o deməkdir ki, büdcəyə daxil olan hər 100 manatın 19 manat 60 qəpiyi ƏDV hesabına formalaşıb.

ƏDV dolayı vergidir, məhsulun qiymətinə əlavə edilir və bu vergini avtomatik olaraq məhsul alan istehlakçı ödəyir. İl ərzində qiymət artımı nə qədər yüksək olursa, bu verginin yığımı bir o qədər artır. Məhsulun qiyməti artdıqca, onun üstündə ödənən ƏDV də çoxalır.

Ana səhifəİqtisadiyyatGələn ilin büdcəsində nəzərdə tutulan ƏDV artımı nədən xəbər verir?