close

İğdır-Naxçıvan qaz kəməri: İrandan asılılıq azalır, yoxsa?..

Foto: “president.az”

Deputat: “İran məsələsinə alternativ yol kimi baxılmır”

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.

Qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu iki ölkə arasında hələ 2020-ci il dekabrın 15-də Ankarada imzalanmışdı.

Prezident Əliyev 2022-ci ildə kəmərin tikintisinə vəsait ayrılması barədə sərəncam imzalasa da, indiyə qədər məbləği açıqlanmayıb.

Diametri 40 sm olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometrdir.

Bəs İğdır-Naxçıvan qaz kəmərinin açılması hansı zərurətdən doğub?

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, bu kəmər daha sərfəli və əlverişlidir:

Çünki Türkiyəyə verilən qazın bir hissəsini bu kəmərlə Naxçıvana ötürmək mümkün olacaq. Həmçinin bu, daha ucuz başa gələcək. İqtisadi cəhətdən də daha sərfəlidir”.

Məqsəd İrandan asılılığın azaldılmasıdır”

Onun sözlərinə görə, qaz kəmərinin başqa bir önəmli tərəfi İrandan asılılığın azaldılmasıdır:

Biz İrana reves (əvəzinə) üsulu ilə qaz verirdik. Həmin qazın həcmindən daha artığı verilirdi ki, tranzit xərclər də çıxandan sonra İran həmin qazı Naxçıvana ötürsün və yaxud əvəzinə elektrik enerjisi versin. Bu kəmər çəkiləndən sonra həm də İrandan asılılıq azalır”.

İrandan asılılıq azalacaqmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən yerli jurnalistlərə açıqlama verib.

O, Zəngəzur dəhlizi ilə bağlı suala cavabında deyib ki, hazırda dəhlizin açılması ilə bağlı müzakirələr gedir.

Onun fikrincə, əgər Ermənistan dəhlizi açmasa, Azərbaycana yol İrandan keçəcək. Bəs belə olan halda, yenidən İrandan asılılıq yaranmırmı?

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan.TV

Natiq Cəfərli deyir ki, Azərbaycan onsuz da, 2020-ci ildən, yəni müharibədən sonra paralel xətlərin çəkilməsini təklif edib:

2020-ci ildən sonra Azərbaycan Ermənistandan, yəni Zəngəzur yolundan keçəcək xəttə 5 kilometrlik ara məsafəsi ilə paralel daha bir xəttin İran ərazisindən çəkilməsini də təklif etmişdi, hətta maliyyələşdirilməsini də üzərinə götürmüşdü. Ona görə də istənilən halda, başqa ölkədən, istər İran, istərsə də Ermənistan ərazisindən kommunikasiya xətləri keçəcəksə, bu, zatən, asılılıq olacaq”.

İran problem yaradarsa, biz də problem yarada bilərik”

Əgər gələcəkdə belə imkan yaranarsa, hər iki yolun olması asılılığı azaltmağa, ya da idarə etməyə imkan yaradacaq. Yəni bir tərəfdə problem yaşanacaqsa, digərindən istifadə etmək mümkün olacaq. İkincisi, bu, yol və kommunikasiya məsələlərində qarşılıqlı asılılıq yaradacaq. İran bununla çox asanlıqla Türkiyə və Ermənistana yol əldə edir. İran problem yaradacaqsa, onların yükləri də Azərbaycan üzərindən keçəndə biz problem yarada bilərik, yəni qarşılıqlı asılılıq budur. Qaz məsələsində belə deyildi, çünki Tehranın Bakıdan qaz asılılığı yoxdur. Bu baxımdan bir qədər fərqli məsələlərdir”, – deyə iqtisadçı bildirib.

Onsuz da İran üzərindən yol çəkilir”

Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bu məsələdə müxtəlif yanaşmaların olduğunu deyir.

Onun sözlərinə görə, alternativ qaz xəttinin olması bir ölkədən asılılığı aradan qaldırır:

Hər ölkə də bunu düşünməlidir. Biz bir neçə alternativ layihə gerçəkləşəndə bölgədə qaz təchizatı ilə bağlı problemlər də yaşanmır”.

Deputat Fazil Mustafa
Fazil Mustafa, Foto: Meydan TV

Deputat deyir ki, Azərbaycan onsuz da İran üzərindən marşrutun keçmə məsələsini müzakirə və həll etmək üçün müxtəlif layihələri gerçəkləşdirir:

Amma Zəngəzur məsələsinin buna aidiyyatı yoxdur, çünki imzalanan sənəddə nəzərdə tutulan dəhlizdən söhbət gedir. Ermənistan da bunu verməyə borcludur. Əks təqdirdə, 2020-ci ilin 10 noyabr bəyanatının icra olunmadığı kimi qiymətləndiriləcək. Ona görə də bu məsələ üzərində sıxıntıları aradan qaldırmaq barədə düşünmək lazımdır. Yəni eyniləşdirmək olmaz”.

Onsuz da İran üzərindən yol çəkilir, Naxçıvana Zəngilandan hərəkət etmək marşrutları da müəyyən olunur. Ona görə İran məsələsinə alternativ yol kimi baxılmır. Biz Zəngəzuru daha çox siyasi və razılaşdırılmış məsələ olduğundan həll etməyə çalışırıq. Bunu etmədikcə Ermənistanın müqavilə öhdəliyini və imzaladığı sənədi icra etmədiyi aydın görünəcək”, – deputat qeyd edib.

Ana səhifəSiyasətİğdır-Naxçıvan qaz kəməri: İrandan asılılıq azalır, yoxsa?..