close

Gəmi kapitanına casusluq ittihamı ilə 16 il cəza verildi

Source: arxiv

Zahir Əsgərov özünü təqsirli bilmir

Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı, İranın xüsusi xidmət orqanının nümayəndələrilə məxfi əməkdaşlıqda və Azərbaycan əleyhinə casusluqda ittiham olunan Zahir Əsgərovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb. Hakim Siyavuş Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, gəmi kapitanı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 16 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, Zahir Əsgərov 2012-ci ildə İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində oranın xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. Onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün müxtəlif məlumatları – ölkədə fəaliyyət göstərən xarici şirkət və nümayəndəliklərin fəaliyyəti, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər və s. haqda informasiyaları toplayıb və göndərib. İttihama görə, Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə çatdırıb.

1982-ci il təvəllüdlü Zahir Əsgərov casusluq etməsi barədə ittihamda yazılanları rədd edir. O bildirib ki, eyni zamanda, jurnalist fəaliyyətilə məşğul olub – İranın “İRNA” xəbər agentliyilə əməkdaşlıq edib. Onun sözlərinə görə, nə özünün işlədiyi gəminin, nə də başqa hansısa başqa obyektlərin şəklini çəkib kiməsə göndərib.

Dövlətə xəyanət ittihamını şər-böhtan adlandıran Zahir Əsgərov əlavə edib ki, İrandan əlaqə saxladığı şəxslərin xüsusi xidmət orqanının əməkdaşları olduğunu təsdiqləyən heç bir sübut yoxdur. Həmçinin qeyd edib ki, psixiatrik ekspertizadan keçirilmədən onun haqqında rəy verildiyini bildirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verəcək.

Ana səhifəSiyasətGəmi kapitanına casusluq ittihamı ilə 16 il cəza verildi