close

DSK muzdla çalışan işçilərin sayını açıqlayıb

Foto: Meydan TV

Rəsmi rəqəmlər Azərbaycanda işsizliyin 5.5 faiz olduğunu deyir

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 749,4 min nəfərdir. Bu, 2024-cü ilin ilk 6 ayının göstəricisidir.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) bölüşüb.

DSK bildirir ki, həmin şəxslərdə 893,1 min nəfəri dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.

Muzdla işləyənlərin 18,9 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə digər sahələrdə işləyir.

Maaşlara gəlincə, muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1003,3 manatdır.
Bunun əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artdığı bildirilir.

Azərbaycanda işsizlərlə bağlı dəqiq statistika aparılmır. Yaxud alternativ statistika aparan qurumların olmadığı üçün müstəqil ekspertlər hesab edirlər ki, açıqlanan rəqəmlər reallığı əks etdirmir.

DSK-nın ən son açıqladığı məlumata görə, Azərbaycanda işsizlik 2024-cü ilin martında 5.5 faiz olub.

Qurum bildirib ki, aprelin 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 253.3 min nəfərə yüksəlib, onlardan 4 milyon 966.4 min nəfərini məşğul əhali təşkil edir. Başqa sözlə, hazırda ölkədə rəsmi işsizlərin sayı 286 min 900 nəfərdir.

Həmin dövrdə muzdla (əmək müqaviləsi və maaşla) çalışan işçilərin sayı 1 milyon 748.9 min nəfər açıqlanmışdı.

Rəsmilər bu ziddiyyəti qeyri-rəsmi məşğulluqla izah edir.

Ana səhifəİqtisadiyyatDSK muzdla çalışan işçilərin sayını açıqlayıb