close

Gənc alimin hüquqlarını müdafiə komitəsi: ““Təqsirsizlik prezumpsiyası” hüququ pozulur”

Foto: İqbal Əbilovun şəxsi arxivindən

Komitə hökumətyönlü medianı saxta məlumatlar yaymaqda qınayır

İqbal Əbilovun həbsi sifarişlidir və onun təqsirsizlik prezumpsiyası hüququ kobud şəkildə pozulub.

Bu barədə İqbal Əbilovun  Hüquqlarını Müdafiə Komitəsinin avqustun 13-də yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, “Talış Milli Akademiyasının Xəbərləri” adlı beynəlxalq elmi araşdırmalar  jurnalının baş redaktoru İqbal Əbilov uşaqlıq illərindən ailəsilə birgə Belarusda yaşayıb:

“Orada orta və ali təhsil alıb, elmi-pedaqoji fəaliyyətini davam etdirmiş İqbal Əbilov hər il olduğu kimi, bu il də doğulduğu Masallı rayonunun Bala Kolatan kəndinə gəldikdən bir ay sonra Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilib. Onun haqda Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinərək barəsində 4 ay həbs qətimkan tədbiri seçiib. Çox qəribədir ki, məhkəmənin qapalı iclasında  səsləndirilmiş guya “məxfi” məlumatlar bir gün sonra hakimiyyətyönlü KİV-də, o cümlədən, dövlət TV kanalları tərəfindən qeyri-qanuni olaraq paylaşılıb. Əslində, haqsız həbsə məruz qalmış gəncin “Təqsirsizlik prezumpsiyası” hüquqlarının açıq-aşkar və kobud şəkildə  pozuntusu olmaqla yanaşı, həm də  cəmiyyətimizdə, sosial şəbəkələrdə, vətəndaşlar və xalqlar arasında milli-dini ayrı-seçkilik və ədavət toxumlarını səpmək kimi çirkin niyyətli məqsədlərə xidmət edir”.

Komitə narahatlıq doğuran bir məsələni xüsusi vurğulayır:

Bir neçə gündür ki, hakimiyyətyönlü KİV-lər tərəfindən yayılan saxta məlumatların və onların təkzibinə yönəlmiş materialların paylaşıldığı sosial şəbəkələrin  şərh bölümlərində virtual “vətəndaş müharibəsi”, – “talış-türk”, “talış-hakimiyyət” davaları  səngimək bilmir. Əbilov heç bir halda siyasi proseslərə qarışmayıb, fəaliyyətini Azərbaycan, Rusiya, Belarusiya, Orta Asiya, Türkiyə, İran və Avropanın saysız-hesabsız kitabxana və elmi arxivlərində keçirib. Onun elmi tədqiqatlarında və baş redaktoru olduğu beynəlxalq elmi jurnalda əks olunmuş məqalələrin əsas meyarını heç də müəlliflərinin milli-etnik mənşəyi yox, onların yeni və dəyərli elmi nəticələri  təşkil edib”.

Bəyanatda İqbal Əbilovun qarşılaşdığı qanunsuzluğun ailəsinə, yaxınlarına, bir çox talış ziyalılarına və digər insanlara saysız-hesabsız mənəvi sarsıntıların yaşatdığı qeyd olunur:

Biz eyni zamanda, talışlara da müraciət edərək, onları hər hansı milli-etnik qarşıdurmalara, o  cümlədən, İ.Əbilovun sifarişli həbsindən öz çirkin məqsədləri naminə istifadə etmək arzusunda olan  qüvvələrin fitnələrinə uymamağa çağırırıq. Ümidvarıq ki, gənc alim İqbal Əbilov tezliklə azadlığa çıxacaq və bu haqsız həbsinin arxasındakı bədxah qüvvələr də layiqli cəzalarına yetişəcəklər”.

İyulun 22-də toy mərasimində iştirak üçün ölkəyə gələn İqbal Əbilov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, həbs edilib.

İyulun 31-də Bakı Apelyasiya Məhkəməsi Əbilovun barəsində seçilən 4 aylıq həbs-qətimkan qərarını qüvvədə saxladı.

 Əbilov Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır.

Ailəsilə görüşə və telefon danışığına icazə verilmir.

Ana səhifəSiyasətGənc alimin hüquqlarını müdafiə komitəsi: ““Təqsirsizlik prezumpsiyası” hüququ pozulur”