close

Sabirabad sakini qızının ölümünün intihar yox, qətl olduğunu deyir

Source: arxiv

Dilarə Əkbərova: “O cür nazik nar ağacının budağı adamın ağırlığına tab gətirə bilərdi? Qızımın bədənində qançırlar olub…”

Sabirabad rayonunun Cavad kəndində 20 yaşlı Səmayə Zeynalovanın ölümündən 2 il yarımdan çox vaxt keçsə də, bununla bağlı istintaq hələ də davam edir. Valideynləri onun ölümüylə bağlı intihar versiyasını yaxına buraxmır. Onlar əmindilər ki, Səmayə öldürülüb. Sadəcə, hadisə intihar kimi təqdim olunub.

“Özləri ipi boynuna dolayıblar”

“Deyirlər ki, guya qızım özünü nar ağacından asıb. O cür nazik ağacın budağı adamın ağırlığına tab gətirə bilərdi? Necə olub ki, budaq sınmayıb? Ekspertizanın da rəyi var, qızımın bədənində qançırlar olub. Özünü asan adamın üstündə o xəsarətlər niyə olmalıydı? Boynunda ipin izi var. Özünü asan adamın boynundakı iz aşağıdan yuxarı doğru olardı. Çünki asılanda ip dartılır. Amma bunun boynunda tam yumru şəkildədi. Sanki yerdə özləri ipi boynuna dolayıblar…”, – Dilarə Əkbərova Meydan TV-yə danışıb.

Dilarə Əkbərova. Foto: Meydan TV

Prokurorluğun qərarı iki dəfə ləğv olunub

Bu ölüm işinin istintaqı Sabirabad Rayon Prokurorluğunda gedir. Hadisədən dərhal sonra orada Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Araşdırma rayon prokurorunun müavini Rövşən Əmrahova həvalə olunub. Üç ay sonra cinayət işinə xitam verilib. Xitam qərarında da göstərilib ki, Səmayə həyat yoldaşı Eldar Zeynalovun onu evdə qoyub, Rusiyaya gedəcəyinə görə depressiyaya düşüb, bu səbəbdən özünə qəsd edib.

Səmayə Zeynalovanın anası Dilarə Əkbərova Baş prokuror Kamran Əliyevin qəbuluna düşəndən sonra 2023-cü ilin əvvəlində prokurorluğun xitam qərarı ləğv olunub. Baş Prokurorluq qərar verib ki, bu cinayət işi yenidən araşdırılmalıdır. Yenə də bu iş Sabirabad rayon prokurorunun köməkçisi Rövşən Əmrahovun icraatına verilib. Bu dəfə də nəticə dəyişməyib – prokuror köməkçisi belə qənaətə gəlib ki, Səmayə Zeynalovanın ölümündə heç kimin təqsiri yoxdur, özü depressiyaya düşüb və intihar edib. Bu ilin aprelində eyni iş üzrə ikinci dəfə cinayət işi üzrə icraata xitam verilib.

Dilarə Əkbərova xitam qərarının ləğvi üçün bu dəfə məhkəməyə üz tutub. Lakin Sabirabad Rayon Məhkəməsi prokurorluğun qərarını haqlı sayıb – ananın şikayəti əsassız hesab olunub.
Dilarə Əkbərova yenə dayanmayıb, məhkəmənin qərarından apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi isə onu xeyrinə qərar verib – Sabirabad Rayon Prokurorluğunun xitam qərarı yenə ləğv olunub. Bu hadisə ilə bağlı əlavə istintaq aparılması üçün cinayət işinin materialları Sabirabad Rayon Prokurorluğuna göndərilib.

“Qayınatası gününü qara eləmişdi”

Dilarə Əkbərova deyir ki, Səmayə ölümündən təxminən 40 dəqiqə əvvəl Bakıda yaşayan bacısı Simarə Rəhimova ilə danışıb, hal-əhval tutub. Ana düşünür ki, əgər qızı depressiya vəziyyətində olsaydı, bacısı bunu hiss edərdi:

“Qızımın həmin səs yazısı da qalır. Orada heç bir gərginlik hiss olunmur. Rövşən Əmrahov hardan o nəticəyə gəlib ki, qızım depressiyaya düşüb?”

Anasının iddiasına görə, evdə qayınatasıgil Səmayəni incidirdilər. Hətta kəmərlə döyüldüyü vaxtlar da olub:

“Mənim qızım dərdini danışan, xəbər verən deyildi. Eşitmişdim ki, onu incidirlər. Problemlər də əsasən qayınatası pandemiya dövründə Rusiyadan qayıdandan sonra yaranmışdı. Ona cehiz kimi bütün avadanlıqları vermişdik, bircə soyuducudan başqa. Bu soyuducu məsələsini nə qədər adamın başına vurarlar, nə qədər ondan ötrü dava salarlar?! Qızım deyirmiş ki, atamgil onu da alıb verəcək. Qayınatası onun gününü qara eləmişdi. Belə bir evdə yaşayıb mənim övladım. Qızım öləndə yaşyarımlıq oğlu qalmışdı. Uşağı bizə vermədilər, özləri saxladılar. Təsəvvür edin, ananın ölümündən 3 ay sonra uşaq üçün təmtəraqlı ad günü keçiriblər, şadyanalıq ediblər”.

“Qayınanası yalan danışır”

Hadisədən sonra keçirilən ekspertiza Səmayə Zeynalovanın bədənində – bud və baldır nahiyələrində qançırlar olması barədə rəy verib. Prokurorluq bu qançırların meyit ağacdan düşürüləndə əmələ gəldiyini iddia edir. Dilarə Əkbərova bununla razılaşmır:

“Meyiti ağacdan yerə necə salıblar ki, o cür xəsarətlər yaranıb?”

Dilarə Əkbərova onu da bildirib ki, qızının qayınanası Əfiqə Zeynalova ilə əmiqızıdırlar. Buna baxmayaraq, Səmayəni o ailəyə vermək istəmirdi:

Səmayə Zeynalova. Foto: Ailə arxivindən

“Bir neçə dəfə elçi gəlmişdilər. Uşağın özünün könlü vardı, getdi. Qayınanası yalan danışır. 3 cür ifadə verib. Gah deyir ki, mən gələndə ağacdan asılı vəziyyətdə idi. Gah deyir ki, oturmuş vəziyyətdə idi. Gah da deyir, yerdə idi…”.

Səmayənin həyat yoldaşı Eldar Zeynalova gəlincə, hadisə vaxtı onun evdə olmadığı bildirilir. Kəndlərdən topladığı südün satışıyla məşğul olan Eldar Zeynalov həmin vaxt da süd arxasınca gedibmiş.

Dilarə Əkbərova qızının ölümüylə bağlı cinayət işinin Sabirabad Rayon Prokurorluğunda araşdırılmasını istəmir. Deyir ki, bundan əvvəlki iki araşdırma onda məyusluq yaradıb, istintaqın obyektiv aparılacağına inamı qalmayıb.

“Qonşular da görüb ki…”

Zeynalovlar ailəsi isə Səmayə Zeynalovanın öldürülməsi, sonradan intihar görüntüsü yaradılmasıyla bağlı ittihamları qəbul etmir. Əfiqə Zeynalova bildirib ki, hətta yaxınlıqdakı qonşu da Səmayənin boğazındakı sintetik ipi açıb, meyiti düşürməkdə onlara kömək edib:

“Boğazındakı ipi aça bilmirdik, qonşuluqdakı Seyid – Mirağa alışqanla yandırdı ipi, açıldı. Başqa qonşumuz hadisədən əvvəl gəlini bağçada görüb. Elə bilib ki, telefonla özünü çəkir. Qonşular hamısı dindirilib. Bizim haqqımızda nə qədər yalan, böhtan danışmaq olar?! Özləri 3 gün sonra gəlib cehizləri apardılar. O anda cehiz də yadlarına düşürdü”.

Ana səhifəSosialSabirabad sakini qızının ölümünün intihar yox, qətl olduğunu deyir