close

Gömrük Komitəsinə yeni sədr təyin olundu

Şahin Bağırov. Foto: “report.az”

Şahin Bağırov komitənin sədr müavini idi

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev fevralın 14-də sərəncam imzalayıb.

Şahin Bağırov 2022-ci ilin iyulun 18-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edilmişdi.

Şahin Bağırov 1965-ci ildə anadan olub.

O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycanın Aqrar Sənaye Kompleks sistemində çalışıb.

Ş.Bağırov 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb.

2003-cü ildə isə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Ş.Bağırov 2010-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2 il sonra isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.

Bundan 4 il sonra, 2014-cü ildə Gömrük Komitə sədrinin müavini vəzifəsinə təyin olunub.

O, Səfər Mehdiyevin komitə sədri olduğu vaxt – 6 iyul 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Ötən ilin iyulun 16-da Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Ondan bir gün əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib.

DGK yanında “Azərterminalkompleks” Birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.

Ana səhifəXəbərlərGömrük Komitəsinə yeni sədr təyin olundu