close

Gürcüstan məhkəməsi kütləvi aksiyaların məhdudlaşdırılmasını Konstitusiyaya zidd hesab edib

Tbilisi, 7 mart aksiyası. Fotolar: Meydan TV

“Kavkazski uzel”in materialı

Hakimiyyətin kütləvi aksiyalar barədə öncədən xəbərdar edilməsi öhdəliyi, – bu, “Toplantı və nümayişlər” haqqında qanunda nəzərdə tutulub, – Konstitusiyaya ziddir.

Gürcüstanın Konstitusiya Məhkəməsi belə hesab edib.

Konstitusiya Məhkəməsi Gürcüstan xalq müdafiəçisinin iddiasını təmin edib və “Toplantı və nümayişlər” haqqında qanunun normalarını Konstitusiyaya zidd hesab edib. Həmin qanuna görə, vətəndaş icazəsiz aksiya və ya nümayiş keçirilməzdən, ən azı, beş gün əvvəl bələdiyyənin icra orqanını xəbərdar etməlidir, – Ombudsman Aparatı xəbər verib.

Konstitusiya Məhkəməsinin plenumu öncədən razılaşdırılmamış kütləvi aksiyaların yolun hərəkətli hissəsində keçirilməsini qadağan edən praktikanı ləğv edib. Məhkəmə bildirib ki, “son on illər ərzində məhz kütləvi toplantılar dövlət maraqlarının müdafiə olunmasının, ictimai rəyin formalaşdırılmasının, etirazların, məqsəd ətrafında birləşmənin və mübarizənin effektiv üsulu olub”, – ombudsmanın saytındakı bəyanatda deyilir.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, Gürcüstan Konstitusiyasının 21-ci maddəsində nəzərdə tutulduğu kimi, toplantı azadlığı insanların həm öncədən təşkil olunmuş, həm də qəfil toplantı və nümayiş hüququnu müdafiə edir, belə ki, “bəzi hallarda toplantı və nümayişlərin effektivliyi ictimai reaksiyanın dərhal ifadə olunmasından asılıdır”.

Beləliklə, “kütləvi toplantıların və nümayişlərin, o cümlədən yolun hərəkətli hissəsində və ya nəqliyyatın hərəkətinə mane olmaqla keçirilməsi toplantı və nümayiş azadlığı hüququna uyğundur,” – xalq müdafiəçisinin bəyanatında deyilir.

Oktyabrda Gürcüstan parlamentinin İnsan Haqları Komitəsi “Toplantı və nümayişlər” haqqında qanuna düzəlişləri dəstəkləyib. Həmin düzəlişlərə görə, etiraz aksiyaları zamanı çadırların və müvəqqəti konstruksiyaların qurulması qadağandır.

Həmin vaxt müxalifət nümayəndələri bildirmişdilər ki, təklif olunan düzəlişlər “Gürcü arzusu” hakim partiyasının hakimiyyəti itirmək qorxusundan xəbər verir.

“Hakimiyyət qanunvericilik səviyyəsində vətəndaş cəmiyyətinin azadlığını məhdudlaşdırır”, – “Kavkazski uzel”in sorğusuna cavab verən analitiklər qeyd edib.

Ana səhifəXəbərlərGürcüstan məhkəməsi kütləvi aksiyaların məhdudlaşdırılmasını Konstitusiyaya zidd hesab edib