close

Gürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində

Salome Zurabişvili. Foto: JAMnews

İvanişvili ilə Zurabişvili qarşıdurmasında Rusiya amili və ya şəxsi qisas?

“JAMnews”un materialı

Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment proseduru ətrafındakı siyasi epopeya sona çatdı.

Gözlənildiyi kimi, müxalifət prezidentin impiçmentini dəstəkləmədi. “Lehinə” 86, “əleyhinə” 1 nəfər səs verdi.

Sentyabrın 1-də “Gürcü arzusu” hakim partiyası Zurabişviliyə impiçment elan olunması təşəbbüsü ilə çıxış etdi və uyğun prosedurlar irəli sürdü. İmpiçmentə bəhanə kimi isə prezidentin hökumətin razılığı olmadan Avropa ölkələrinə bir neçə səfər etməklə Konstitusiyanı kobud şəkildə pozmasını gətirdilər. Prezidentin səfərləri, həqiqətən də, hökumət tərəfindən razılaşdırılmamışdı. Zurabişvili cavab vermişdi ki, xaricə öz vəsaiti hesabına gedib və orda Gürcüstanın Avropa İttifaqına namizəd ölkə kimi təqdim olunmasını lobbiləşdirib.

İmpiçment məsələsi parlamentdə səsverməyə qoyulmazdan əvvəl Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozub-pozmadığını müəyyənləşdirməli idi. Məhkəmə qanunun pozulduğuna qərar verdi.

Bütün bu proses hakim komandanın prezidentin ünvanına kəskin bəyanatlarla, o cümlədən Salome Zurabişvilinin bir neçə addımı ilə müşayiət olundu ki, bu da onun hakimiyyətlə açıq qarşıdurmasından xəbər verirdi. Məsələn, parlamentdə impiçment üzrə səsvermədən bir gün əvvəl prezident, necə deyərlər, çadırlar haqda qanuna veto qoydu, üstəlik Gürcüstanın sabiq prokuroru Otar Parsxaladzeni gürcü vətəndaşlığından məhrum etdi. ABŞ-ın sanksiyaları altında olan bu şəxsin İvanişvilinin yaxın çevrəsinə aid olduğu ehtimal edilir.

Bəli, impiçment baş tutmadı, lakin Salome Zurabişviliyə bundan belə xarici səfərlərə getmək çətin olacaq. “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze artıq təhdid edib ki, əgər prezident hakimiyyətin icazəsi olmadan səfərlərə davam edərsə, prezidentlik müddəti başa çatan kimi ona qarşı cinayət işi açılacaq.

Salome Zurabişvilinin impiçmenti ətrafındakı hadisələri ölkədə müxtəlif şəkildə qiymətləndiriblər. Bəziləri bu prosesi sirk və şou adlandırıblar. Onlar ölkənin kölgə hökmdarı Bidzina İvanişvilinin istəyi və köməyi ilə prezident olan Zurabişvilinin oliqarxın idarə etdiyi oyunu oynadığını söyləyirlər. Digərləri İvanişvili ilə Zurabişvili qarşıdurmasında Rusiya amili və şəxsi qisas görürlər.

“JAMnews” siyasi şərhçilərdən bunun nə cür proses olduğunu və onun iştirakçılara və ümumilikdə siyasi prosesə hansı nəticələr gətirdiyini soruşub.

İvanişvilinin qisası

Гия Нодия, политолог

Giya Nidoya, politoloq:

“Zənnimcə, bütün bunlar o qədər də ciddi düşünülməyib və hansısa mənada Zurabişviliyə hiddətlənən İvanişvilinin kaprizi kimi görünür. Mən burda heç bir dərin siyasi anlam görmürəm.

Əsas problem ondadır ki, Zurabişvili İvanişviliyə tabe olmur. İvanişvili hesab edir ki (o, Gürcüstanın sabiq prezidenti Marqvelaşviliyə münasibətdə də eyni şeyi hesab edirdi), əgər o kimisə prezident təyin edirsə, namizədin irəli sürülməsi və dəstəklənməsi isə məhz İvanişvilinin qərarına əsaslanıbsa, bu zaman prezident tabe olmalıdır. Əgər o tabe olmursa, deməli, düşməndir.

Səbəbsə Avropaya səfərlər olub. Kobaxidze və ya hansısa hüquqşünas İvanişviliyə deyib ki, prezidentin addımları Konstitusiyaya ziddir. İvanişvili buna sevinib və guya deyib ki, gəlin indi onu cəzalandıraq.


Əsas problem ondadır ki, Zurabişvili İvanişviliyə tabe olmur.


Aydındır ki, hakimiyyət parlamentdə impiçmenti sona çatdırmağa müvəffəq olmayacağını əvvəlcədən bilirdi, lakin Konstitusiya Məhkəməsi prezidentin Konstitusiyanı pozduğunu qərara aldı və onlar belə qərara gəldilər ki, prezident bu şəkildə cəzalandırlıb. Mən bunda başqa bir şey görmürəm.

O ki qaldı Zurabişvili-İvanişvili qarşıdurmasına, bu. təkcə Nika Qvaramiyanın (keçmiş müxalif “Rustavi-2” telekanalının sabiq direktoru) əfv olunması deyil. Xaricə gedən prezident, deyəsən, “Gürcü arzusu”nu tənqid etmişdi. Bu, İvanişvilinin xoşuna gəlmədi və o, bu hərəkəti xəyanət kimi qiymətləndirdi. O, ictimaiyyət qarşısında çıxışlarında da “Gürcü arzusu”nu tənqid atəşinə tutur. Düzdür, şəxsən İvanişvilini tənqid etmir, amma bunun nə önəmi var ki? O, aşkar riskə gedir, halbuki bunu etməməli idi.

Rusiya amili və ya sadəcə axmaqlıq

Гия Хухашвили, политолог

Giya Xuxaşvili, politoloq:

“Baş verənlər siyasi prosesə əl verirdi, belə ki, hansısa mənada vəziyyəti canlandırdı. Hakimiyyətin döyüşdə aşkar uduzması, müxalifətinsə bu məsələdə prinsipial mövqe tutması çox nadir faktdır və məlum səsvermə ilə bağlı heç bir sürprizimiz yox idi. Ən əsası odur ki, siyasi arenada Salome Zurabişvilinin simasında çox ciddi oyunçu meydana gəldi. Odur ki, hər şey qaydasındadır.

Bu, “Gürcü arzusu”nun nəyinə lazım idi? Bu, sadəcə səfehlik idi, onların yanlış hesablaması idi. O da istisna deyil ki, bu proses təkcə Kobaxidzeyə maraqlı idi. Şübhəsiz ki, İvanişvili olmadan belə işlər görülmür və sözsüz ki, bu proses də Bidzina ilə razılaşdırılmışdı. O, axmaqlıq dalınca axmaqlıq edir.


Siyasi arenada Salome Zurabişvilinin simasında çox ciddi oyunçu meydana gəldi.


Əgər biz yenə də siyasi məntiq görmək istəyiriksə, burda yalnız Rusiya amili görünür və mən başqa bir ehtimala yol verə bilmirəm.

Hakimiyyət hansısa mənada Rusiya qarşısında dəlil yaradıb, yəni əgər Gürcüstanı Aİ üzvlüyünə namizəd kimi irəli sürərlərsə, biz bunu dəqiq istəməmişik, günahkar Salomedir, bax görürsünüz, biz hətta buna görə onu cəzalandırmışıq da. Vəssalam, başqa heç nə.

JAMnews: ““Milli hərəkat” bəyan edib ki, İvanişvili və Zurabişvili eyni oyun oynayır. Siz bu versiya haqqında nə düşünürsünüz?”

“Bu, qeyri-ciddi bəyanatdır. Və mən əminəm ki, onlar özləri bu cəfəngiyyata inanmırlar. Onlar sadəcə Salome Zurabişviliyə kəskin şəkildə paxıllıq edirlər ki, bunun da səbəbi prezidentin Qərbin tərəfində ağır çəkili lider kimi çıxış etməsidir. Və onlar bu səbəbdən əsəbidirlər, çünki özləri həmin mövqedə möhkəmlənmək istəyirlər. Məhz buna görə də hər cəhdlə Zurabişvilini qərbyönlü seçicilərin gözündən salmaq istəyirlər.

Zurabişvilinin tabe olması

Корнели Какачча, политолог

Korneli Kakaçia, politoloq:

“Hər şeydən öncə, yəqin ki, məqsəd “Gürcü arzusu”nun hakimiyyətin bütün qanadlarını qəsb etməsi idi. “Gürcü arzusu” əslində hakimiyyətin bütün qanadlarını özünə tabe etməyi bacardı. Onun indiyədək nəzarət edə bilmədiyi yeganə şey prezidentlik institutudur və bu “Gürcü arzusu”nun əsas məqsədlərindən biri idi. İkincisi, əlbəttə ki, Salome Zurabişvilinin özünün nüfuzuna xələl yetirmək idi. Belə ki, Gürcüstan prezidenti son zamanlar gürcü siyasətində müstəqil oyunçuya çevrilməyə cəhd edir. İstənilən halda, o, komandaya qarşı çıxır və “Gürcü arzusu” Zurabişvilinin öz mövqeyini müstəqil şəkildə gücləndirməsini istəmir.

JAMnews: “Hesab etmirsiniz ki, burada Aİ-na daxil olmaq faktoru olmayıb? Yəni hakimiyyət Zurabişviliyə qarşı ona görə çıxış etməyib ki, prezident statusun qəbul olunmasını dəstəkləməyə gəlib, bu sadəcə şəxsi faktora görə baş verib?”

“Sözsüz ki, bu, həmçinin komponentdir. Zurabişvilinin Avropaya inteqrasiyaya görə çıxış etməsi faktı onları qıcıqlandırıb. “Gürcü arzusu” hesab edir ki, əgər Avropaya inteqrasiya baş tutacaqsa, bu zaman yalnız hakimiyyət əsas sima rolunda çıxış etməlidir. Lakin belə bir təəssürat yaranır ki, “Gürcü arzusu” namizəd statusunun alınmasında heç maraqlı deyil. Prezidentsə bu mövzunu onların arxasında Avropa paytaxtlarında aktuallaşdırmaq istəyir. Odur ki, şübhəsiz, bu da variantlardan biri ola bilər.


Zurabişvili avropalı diplomatdır, tarixdə necə qalacağı onun üçün önəmlidir. Biz onun “Gürcü arzusu”nun ardınca getməyə hazırlaşmadığını görürük.


JAMnews: ““Gürcü arzusu” bununla hansı məqsədə çatdı? Bəziləri bunu sirk adlandırıb, bəs siz necə düşünürsünüz?”

“Salome Zurabişvilinin “Gürcü arzusu” ilə münqaişədə olması aşkar faktdır.
Zurabişvili çox ziddiyyətli siyasətçidir, bəlkə də o kiminsə xoşuna gəlir, kiminsə yox. Xüsusilə də əgər onun gürcü siyasətinə necə düşdüyünü diqqətə alarıqsa. Onun reytinqi yox idi, faktiki olaraq onu “Gürcü arzusu” prezident edib. Burada, şübhəsiz ki, onun siyasi fiquru ilə bağlı məsələ meydana gəlir.

Bu gün o, hər şeydən əvvəl, öz şəxsi nüfuzunu və şəxsi siyasi irsini düşünür. O, avropalı diplomatdır, tarixdə necə qalacağı onun üçün önəmlidir. Biz onun “Gürcü arzusu”nun ardınca getməyə hazırlaşmadığını görürük.

Amma eyni zamanda, deyəsən, o, Bidzina İvanişvili ilə münasibətlərində körpüləri yandırmaq istəmir. O, şəxsən İvanişvili tərəfindən təlimatlandırıldığını xatırlayır, odur ki, hətta onun adını çəkmir. Yəqin ki, məhz bu, həmçinin ictimaiyyətin onun İvanişvilinin çaldığı hava ilə oynadığını düşünməyə sövq edir. Hərçənd biz bunun həqiqət olduğunu bilmirik.

Onun “Gürcü arzusu”nun liderləri ilə ciddi münaqişədə olması danılmazdır. “Gürcü arzusu” həmçinin hər vəchlə onun nüfuzuna xələl gətirməyə çalışıb, lakin hakimiyyətin buna müvəffəq olduğunu düşünmürəm. Əksinə, düşünürəm ki, Zurabişvilinin reytinqi yüksəlib, xüsusilə də xaricdə.

Ana səhifəSiyasətGürcüstan prezidentinə impiçment elan etmək cəhdi ekspertlərin nəzərində