close

Gürcüstan Tehranda keçiriləcək görüşə qatılmayacaq

3+3 formatı. Foto: Viacheslav Lopatin/shutterstock

Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri artıq İrandadır

Oktyabrın 23-də Tehranda keçiriləcək “3+3” formatlı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya Federasiyası və Türkiyə) görüşünə Gürcüstan qatılmayacaq.

Dünən Gürcüstan Xarici İşlər Nazirliyindən yerli jurnalistlərə bildirilib ki, Tbilisi heç vaxt bu format çərçivəsində görüşlərdə iştirak etməyib:

Rusiya Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxarana qədər ölkə bu mövqeyə sadiq qalacaq”.

Rusiyanın xarici işlər naziri S.Lavrov daha əvvəl qeyd edib ki, məsləhətləşmələrin iştirakçıları Tbilisi üçün qapıları açıq saxlayır.

Rusiya-Gürcüstan. Foto: Novikov Aleksey/shutterstock

Nazir bu formatı “çox perspektivli və tələbatlıdır” deyə adlandırıb və əlavə edib ki, bəzən gələcəkdə Transqafqazda sabit regional təhlükəsizlik sistemini görmək istəməyən xarici oyunçuların dağıdıcı müdaxiləsini istisna etmək vacibdir:

“Onlar bu proseslərə təsir etməyə çalışırlar. Qərb artıq yeni formalaşmağa başlayan bu strukturu sarsıtmaq üçün fəal şəkildə çalışır”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına getdiyi bildirilir. Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin yaydığı məlumatda qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Rusiyanın və Ermənistanın xarici işlər nazirlərinin də İrana getdiyi təsdiqlənib.
“Abşeron küləyi” bloqunun müəllifi “Kavkaz-uzel”ə bildirib ki, Gürcüstanın görüşə qatılmaması bu formatı “3+3” yox, “2+3” adlandırmağa əsas verir:

Əlbəttə, görüşün baş tutması yaxşı xəbərdir. Ancaq ilk görüşdə heç nə olmayacaq. Sadəcə, tərəflər iddialarını təkrarlayacaq və gözəl çıxışlarla bağlayacaqlar. Bununla belə, məsafə saxlamaqdansa, görüşmək daha yaxşıdır”.

Oktyabrın 11-də Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı Meydan TV-yə açıqlamasında Ermənistanın da “3+3” formatında iştirakını formal saymışdı:

“Azərbaycan Avrasiya İttifaqında formal iştirakçı olduğu kimi, Ermənistan da “3+3” formatına o cür münasibət sərgiləyəcək. Çünki Ermənistan Rusiyadan qopmaq, Qərbə inteqrasiya yolunu tutub. Sadəcə, indiki mərhələdə bütün “körpüləri yandırmaq” istəmirlər. Eyni zamanda, Yerevan KTMT-nin toplantılarına qatılmır, nümayəndə də təyin etmir”.

Ermənistan və Gürcüstan. Foto: Fly Of Swallow Studio/shutterstock

“Nəhayət, artıq Qarabağ problemi də yoxdur, Ermənistan bu yükü üzərindən atıb. Gürcüstan da iştirak etməyəcək, ona görə “3+3” yox, “3+1″ alınır, çünki Ermənistanın da iştirakı formaldır. İndiki mərhələdə bu formatın perspektivi görünmür”, – politoloq qeyd etmişdi.

“3+3” formatında məsləhətləşmələr Cənubi Qafqazın üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, eləcə də bu regionun ən yaxın üç qonşusunun – Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur.

Formatın ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib, Gürcüstan iclasda iştirakdan imtina edib.

Ana səhifəSiyasətGürcüstan Tehranda keçiriləcək görüşə qatılmayacaq