close

Gürcüstanda daha bir neçə siyasi partiya seçki üçün birləşib

Gürcüstanda seçkilər. Foto: AlexLMX/shutterstock

Müğənni Giorgi Uşikişvili də müxalifətin birliyinə qoşulub

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərində “Lelo”,“Xalq Naminə” və “Azadlıq meydanı” hərəkatı vahid siyahı ilə iştirak edəcək. İyulun 17-də Tbilisidə, Avropa meydanında müxalifət birliyinin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən “Lelo”nun lideri Mamuka Xazaradze yeni blokdakı yoldaşlarını təqdim edib. Xalq Partiyasının lideri Ana Dolidze və “Azadlıq Meydanı” hərəkatının lideri Levan Tsutskiridze də çıxış edib.

Mamuka Xazaradzenin sözlərinə görə, bu, ilk addımdır və yaxın gələcəkdə onların birliyinə çox maraqlı insanlar və ya siyasi qruplar qoşulacaq.

“Azadlıq Meydanı” hərəkatının lideri Levan Tsutskiridzenin sözlərinə görə, aralarındakı çoxlu fikir ayrılıqlarına baxmayaraq, koalisiyanın ölkənin gələcəyi ilə bağlı ümumi dəyərləri var.
Müğənni Giorgi Uşikişvili də müxalifətin birliyinə qoşulub. Onun fikrincə, müxalifət birlik üçün hər şeyi etməli, bütün ambisiyaları bir kənara qoymalıdır.

“Ona görə sizin tərəfinizdəyəm ki, mənim və sizin övladlarınızın gələcəyi Avropa ailəsində daha yaxşı olsun”, – deyə Uşikişvili bildirib.

Bundan əvvəl müxalifətin “Axali”, “Droa” və “Girçi – daha çox azadlıq naminə” partiyaları seçkilərdə birləşib. Partiya liderləri brifinqdə vahid kampaniyaya başlayacaqlarını bildiriblər.

Yeni siyasi platformanın üzvləri bu şəxslərdir:

·      Gia Caparidze – politoloq;
·      Sofo Caparidze – keçmiş Prezident Mixail Saakaşvilinin nümayəndəsi;
·      Laşa Bakradze – tarixçi;
·      Ana Mosadze – vətəndaş fəalı;
·      Tamar Kordzaia – müstəqil deputat;
·      Armaz Axvlediani – müstəqil deputat;
·      Giorgi Vaşadze – “Strategiya Aqmaşenebeli” partiyasının lideri;
·      İrakli Favlenişvili – “Milli Hərəkat” partiyasının üzvü;
·      Laşa Dyarov – vətəndaş fəalı.

Ana səhifəDünyaGürcüstanda daha bir neçə siyasi partiya seçki üçün birləşib