close

Gürcüstanda müxalifət Baş nazirlə bağlı impiçment və istintaq başlatmaq istəyir

Azadlıq Meydanı, Tbilisi. Foto: Meydan TV

Təşəbbüskarların fikrincə, Qaribaşvili xidməti səlahiyyətlərini aşıb  

“Jamnews”un materialı əsasında

Gürcüstanın müxalifət partiyaları və QHT-lər Baş nazir İrakli Qaribaşviliyə qarşı “çarter qalmaqalı” ilə bağlı impiçment və istintaq proseduruna başlamağa hazırlaşır. Təşəbbüskarlar hesab edirlər ki, Qaribaşvili xidməti səlahiyyətlərini aşıb.  

Sentyabrın 7-də Gürcüstan Strateji Kommunikasiyalar Departamentinin rəhbəri Nino Giorqobiani Baş nazir İrakli Qaribaşvilinin oğlu ilə birgə ABŞ-a səyahəti ilə bağlı məlumat yayıb. Bildirilirdi ki, avqustda onlar birgə çarter reysi ilə ABŞ-a yollanıblar və xərclər büdcədən ödənilib.

Departament daha sonra Qaribaşvilinin ABŞ-a səfəri ilə bağlı məlumatını dəyişdirib və ictimaiyyətə yeni izahat təqdim edərək, Qaribaşvilinin Avropaya çarterlə uçduğunu, oradan Amerikaya isə müntəzəm reyslə yollandığını söyləyib. 

“Gürcü aviaxətləri”nin direktoru Tamaz Qaiaşvili onun şirkətinin ölkə rəhbərini Almaniyaya  hökumət təyyarəsində çatdırdığını təsdiqləyib. Qaiaşvilinin dediyinə görə, o, Qaribaşvilinin Münhenə səfərinin şəxsi və ya rəsmi xarakter daşıdığını bilmir.  

“O, fabrik işçisi deyil, ölkənin Baş naziridir”, – Qaiaşvili İrakli Qaribaşvili haqqında deyib.

“Lelo” müxalifət partiyasının üzvü Levan Samuşiya bəyan edib ki, partiya Baş nazirin impiçment proseduruna başlayır, belə ki, onun fikrincə, Qaribaşvili ehtimal olunan cinayəti törədib və öz xidməti səlahiyyətlərindən sui-istifadə edib.

Bundan başqa, “Milli hərəkat” müxalifət partiyası Baş nazir Qaribaşvilinin hüquqi məsuliyyətə cəlb olunmasını tələb edir. Partiya sədri Levan Xabeişvili bu barədə brifinqdə xəbər verib. 

“Aqmaşenebeli strategiyası” müxalifət partiyasının lideri Qriqori Vaşadze deyir ki, Baş nazirin “çarter qalmaqalı” korrupsiyanın zirvəsidir.  

Sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası Qaribaşvilinin ehtimal olunan korrupsiya cinayətinin araşdırılmasını tələb edir. Qaxariyanın partiyası həm də yaxın günlərdə öz əmlakının mənbəyini izah etməli olan məmurlarla, o cümlədən İvanişvili ilə bağlı təşəbbüs irəli sürməyi planlaşdırır.

Qaxariyanın özü deyir ki, Bidzina İvanişvilinin impiçmenti Gürcüstanın Avropayla gələcəyinə şərait yaradır.   

“Oktyabrın sonu Gürcüstanı Avropa İttifaqına üzvlüyə namizəd statusunun qiymətləndirilməsi gözləyir. Hökumət prezidentin impiçmentini istəyir, müxalifətsə Baş nazirin impiçmentini tələb edir. Faktiki olaraq Bidzina Gürcüstanın Avropa gələcəyini şübhə altına salır”, – Qaxariya yazır. 

Qeyri-hökumət təşkilatları həmçinin Baş nazirə münasibətdə istintaqa başlanmasını və sənədlərin dərc olunmasını tələb edir.

Ana səhifəXəbərlərGürcüstanda müxalifət Baş nazirlə bağlı impiçment və istintaq başlatmaq istəyir