close

Hərbi ekspertlərdən biri prezidentin fərmanına bədbin, digəri nikbin yanaşır

Foto: Üzeyir Cəfərovun şəxsi arxivi

Üzeyir Cəfərov: “Bu addımı hansı meyarlara görə atdıqlarını əsaslandırmalıydılar”

“Azərbaycanda vətəndaşların hərbi xidmətə yararlı olub-olmamasını müəyyənləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təklif edən adamlar ölkə ictimaiyyətini və mətbuatı bununla bağlı əvvəldən məlumatlandırmalıydılar. Bu addımı hansı meyarlara görə atdıqlarını əsaslandırmalıydılar”.

Bunu Meydan TV-yə hərbi ekspert Üzeyir Cəfərov Prezident İlham Əliyevin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı fərmanını şərh edərəkən deyib.

Fərmana əsasən, 2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda vətəndaşların hərbi xidmətə yararlı olub-olmamasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müəyyənləşdirəcək.

“Bizdə bəzi hallarda ideyanı verirlər, amma əsaslandırmırlar ki, nədən buna zərurət yarandı? Uzun illər hərbidə xidmət edən adam kimi birinci dəfədir görürəm ki, ölkənin təhlükəsizliyi, müdafiəsi ilə bağlı olan məsələ tamam fərqli quruma həvalə olunur. Düzdür, artıq qərar verilib. Amma bir müddətdən sonra bununla bağlı daha konkret fikir söyləmək mümkün olacaq”, – deyə Üzeyir Cəfərov qeyd edib.

Hərbi ekspert deyir ki, hərbiyə yararlılıq meyarının müəyyənləşdirilməsinin məhz ƏƏSMN-nə tapşırılması bu qurumun son illərdəki fəəliyyəti ilə əlaqədardır:

“Son vaxtlar yüz minlərlə insanın pensiyasının kəsilməsi, onların əlillik meyarları, xəstəliklə bağlı gah İsveçrə modelinin tətbiq edilməsi bir az bu qurum haqqında başqa fikir formalaşdırıb. Guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səfərbərliklə çağırılmış və səhhətində problem olan insanlarla bağlı da hansısa mütərəqqi və yaxud da müsbət addımlar atacaq. Mən bu fikirdə qalıram ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində nə qədər neqativ hallar vardısa, bu dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam edəcək”.

Ədalət Verdiyev: “Qanun pozuntularına son qoyulacaq”

Hərbi ekspert Ədalət Verdiyev isə bu fərmanla bağlı nikbin düşünür.

O hesab edir ki, əksinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif idarələri üzrə baş verən qanun pozuntularına son qoyulacaq:

“Əhalinin Sosial Müdafiəsi Nazirliyindən son üç ildə bir dəfə də olsun rüşvət faktı ilə əlaqəli şikayət almamışam. Mən bir vətəndaş, ehtiyatda olan keçmiş hərbçi kimi istədiyim vaxt nazirliyinin əlilliyin təyin edilməsi üzrə komissiyanın iclasında iştirak edə bilirəm”.

“Bu günə qədər Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları valideyn və əlilliyi təyin edəcək ayrı-ayrı qurumların həkimləri ilə razılaşdırılımış bir şəkildə minlərlə yararlını yararsız olaraq təyin edib, hərbi xidmətdən yayındırıblar. Hərbiyə yararlılığın müəyyənləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçdikdən sonra yaxın illərdə əvvəllər yararsız hesab olunanların hərbi xidmətə göndəriləcəyinin şahidi olacağıq. Amma bir faiz insan faktoru, hansısa çatışmazlıqlar ola bilər. Belə faktlar aşkarlandığında bunu ictimailəşdirmək lazımdır”, – Verdiyev bildirib.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, ölkə üzrə hərbi xidmətə yararlılıq, yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq, həmçinin həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında yekun tibbi rəyi ƏƏSMN həyata keçirəcək.

Yekun müayinə qərarı Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərbi həkim komissiyaları tərəfindən veriləcək.

Ana səhifəXəbərlərHərbi ekspertlərdən biri prezidentin fərmanına bədbin, digəri nikbin yanaşır