close

Gürcüstanda QHT-lər qanunla bağlı Konstitusiya Məhkəməsində iddia qaldırıb

Gürcüstan. Foto: REUTERS/Irakli Gedenidze

Onlar Avropa Məhkəməsinə şikayət etmək fikrindədirlər

“Jamnews”un materialı

İyulun 17-də Gürcüstanın 121 qeyri-hökumət və media təşkilatı  “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz məqsədilə Konstitusiya Məhkəməsində iddia irəli sürüb. Onların sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinə də şikayət etmək niyyətindədirlər.

“Gürcüstan Konstitusiya Məhkəməsinin ən qısa müddət ərzində bu qanunun qüvvədən düşməsi barədə vəsadətə baxacağına ümid bəsləyirik.

Biz bir daha təkrarlayırıq: bu qanunu dayandırmaq və ona qarşı çıxmaq, hətta tamamilə qüvvədən düşməsi üçün bütün milli və beynəlxalq mexanizmlərə əl atacağıq”, – vətəndaş cəmiyyətinin nümayəndələri deyirlər.

Konstitusiya Məhkəməsində “Xarici agent haqqında” qanuna qarşı iki iddia
Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə görə (düzəliş 2017-ci ildə “Gürcü Arzusu”nun şərtləri ilə edilib), – bu maddə “ölkənin Avropa və Avro-Atlantika qurumlarına inteqrasiyası”nı nəzərdə tutur, – konstitusiya orqanları öz səlahiyyətləri çərçivəsində Gürcüstanın Avropa İttifaqı və NATO təşkilatına inteqrasiyasının təminatı üçün bütün tədbirləri gerçəkləşdirməlidir.

Daha əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili və bəzi müxalif qüvvələr  “Xarici təsirin şəffaflığı haqqında” Qanunla bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini söyləyiblər. Onlar bununla bağlı iyulun sonu iddia irəli sürəcəklər.

Bu, Prezidentin Konstitusiya Məhkəməsinə şikayət etdiyi ilk qanundur.

 “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı təşəbbüs hakim partiya olan “Gürcü Arzusu” tərəfindən irəli sürülüb və 2024-cü il mayın 28-də parlament tərəfindən qəbul olunub.

Minlərlə etirazçının aksiyasına, Gürcüstanın Qərb partnyorlarının israrlı çağırışlarına və Avropa Şurasının Venesiya Komissiyasının rəyinə rəğmən, parlament bu qanunu qəbul edib.

Qanun qəbul olunduqdan sonra ABŞ “Gürcü Arzusu” hökumətinə qarşı ilk sanksiya paketi elan edib. Dövlət katibi Entoni Blinken xəbərdarlıq edib ki, ABŞ-la Gürcüstanın əməkdaşlığına hərtərəfli şəkildə yenidən baxılacaq.

Avropa İttifaqı da cavab tədbirlərinə əl atıb. Belə ki, Aİ iyulun əvvəli Gürcüstana 30 milyon avro məbləğində yardımı dayandırıb və bundan başqa tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq verib. Daha əvvəl yüksək rütbəli avropalı məmurlar dəfələrlə bəyan ediblər ki, bu qanun Gürcüstanı Aİ-dən uzaqlaşdırır.

İyulun 11-də ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komitəsi “Meqobari Aktı” qəbul edib. Həmin akt  “Xarici təsirin şəffaflığı haqqında” qanuna rəvac verən şəxslərə qarşı sanksiyaları nəzərdə tutur.

Gürcüstan hökumətinin əsas arqumenti odur ki, oxşar qanunlar həm ABŞ-da, həm də, Fransa daxil olmaqla, bir sıra Avropa ölkəsində qüvvədədir. “Gürcü Arzusu”nun dediyinə görə, hər bir ölkənin özünü xarici təsirdən qorumağa və öz təşkilatlarından şəffaflıq tələb etməyə haqqı var.

Lakin bu müqayisə uğursuzdur, çünki “Gürcü Arzusu”nun əsaslandığı FARA qanunu (Foreign Agents Registration Act) ABŞ-da 1938-ci ildə, İkinci Dünya müharibəsi ərəfəsində qəbul olunub və qanunun məqsədi Amerika əhalisini nasist təbliğatından qorumaq olub. Lakin nə o zaman, nə də indi FARA Amerikanın müttəfiqlərinə və Amerikaya dost olan ölkələrə qarşı tətbiq edilib.

Eyni halı Fransaya da şamil etmək olar. Belə ki, burada qəbul olunmuş “Xarici dövlətlərin təsiri haqda” qanuna onun şamil olunduğu konkret ölkə siyahısı əlavə olunur. Bu siyahıya təsirinin güclənməsini Fransanın özünə təhlükə saydığı ölkələr, o cümlədən Rusiya, Çin, Türkiyə və İran daxildir. Siyahının Fransa variantında birbaşa qeyd var ki, bu qanun Avropa İttifaqının bütün ölkələrinə şamil olunmur.

Qanunun Gürcüstan variantında bu cür qeyd yoxdur. Müvafiq olaraq, bu qanun ABŞ və Avropa İttifaqının, dost və müttəfiq ölkələrin maliyyələşdirdiyi, Gürcüstanda demokratik proseslərin inkişafına və müxtəlif sahələrdə – səhiyyədən vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə qədər – əhəmiyyətli layihələrin gerçəkləşdirilməsinə kömək edən təşkilatlara qarşı yönəlib.

Nəhayət, elə həmin FARA-da yazılıb ki, bu qanun media və ya QHT-lərə deyil, sadəcə lobbiçi təşkilatlara şamil olunur. Gürcüstan variantında bu dəqiqləşmə yoxdur.

Belə çıxır ki, Gürcüstanda qəbul olunan qanun Rusiyadakı qanunun analoqudur və ilk növbədə, mediaya, QHT sektoruna təsir edir. Nəticədə hazırda Rusiyada Kremlin nəzarətində olmayan bütün qeyri-hökumət və media təşkilatları qapadılıb. Məhz buna görə Gürcüstandakı “Xarici təsirin şəffaflığı haqda” qanun “Rus qanunu” adlanır.

Həmçinin qeyd etmək vacibdir ki, bu qanun Avropa İttifaqının qanunvericiliyinə ziddir. Oxşar qanun Macarıstanda qəbul olunanda Beynəlxalq İnsan Haqları Məhkəməsi onu ləğv etdi, çünki birbaşa medianı susdurmağa və QHT-ləri sıxışdırmağa yönəlmişdi.

Gürcüstandakı qanun 2024-cü ilin sentyabrında, “xarici agent təşkilatlar”ın qeydiyyatı üçün xüsusi reyestr hazır olanda qüvvəyə minməlidir. Bu cür təşkilatlar dedikdə maliyyələşməsinin 20 faizindən çoxunu xarici qrantların təşkil etdiyi təşkilatlar nəzərdə tutulur. Bu cür balaca və qeyri-zəngin ölkədə qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti həmin siyahıya düşür.

Gürcüstanın bir çox QHT və mediası reyestrdə qeydiyyata düşməkdən imtina edir, belə ki, “xarici dövlətlərin maraqlarını təmsil edən” təşkilat sözü onlar üçün təhqirdir. “Biz ölkə naminə vicdanla çalışırıq, niyə bizi xarici dövlətlərin maraqlarının daşıyıcısı adlandırırlar?”, – onlar etiraz edirlər.

Bəzi xırda təşkilatlar yaxın zamanda bağlanacaqlarını bəyan edir, çünki “xarici dövlətin maraqlarının daşıyıcısı” adlanmaqları ilə razı deyillər. Məsələn, “Fair Trees Foundation” bildirib ki, yeni qanunun qəbulu ilə əlaqədar pulsuz uşaq stomatoloji klinikası layihəsini dayandırır.

Gürcüstanın heyvanların hüquqlarını müdafiə edən təşkilatlarının, demək olar ki, hamısı xarici qrantların hesabına mövcuddur. Bu səbəbdən qanunun qəbulu onların əksəriyyətinin bağlanmasına səbəb olacaq, çünki donorlar fəaliyyətlərinin bu cür təsnif olunması ilə razı deyillər.

Ana səhifəSiyasətGürcüstanda QHT-lər qanunla bağlı Konstitusiya Məhkəməsində iddia qaldırıb