close

İrandan qaçan siyasi fəala Azərbaycanda sığınacaq verilmədi

Foto: Puya Purhemmətinin şəxsi arxivi

Məhkəmə Puya Purhemmətinin şikayətini təmin etməyib

İrandakı azərbaycanlı siyasi fəallardan biri, 9 ay öncə ağ bayraq qaldırıb sərhədi keçən Puya Purhemməti Azərbaycanda siyasi sığınacaq istəsə də, ona rədd cavabı verilib. O, Dövlət Miqrasiya Xidmətinin imtina qərarından məhkəməyə şikayət vermişdi. Şikayətə Bakı İnzibati Məhkəməsində hakim Orxan Hacıyevin sədrliyilə baxılıb və təmin olunmayıb.

Puya Purhemməti bu qərardan apelyasiya şikayəti verəcək. Bu barədə məlumat verən fəal bildirib ki, hazırda həyatı təhlükə altındadır, çünki İrana deportasiya olunmaq ehtimalı var. Orada isə onu edam cəzası gözləyir.

Bu üzdən azərbaycanlı fəal insan hüquq və azadlıqlarının müdafiəsini özünə vacib sayan dövlətlərə müraciət edərək, onun həyatını xilas etməyə çağırıb.

Puya Purhemməti məhkəmə qərarı haqqında danışarkən bildirib ki, onu həm azərbaycanlı, həm də siyasi fəal kimi qəbul etmək istəmirlər. Purhemməti vurğulayıb ki, ona İranda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına aidiyyəti olmadığını deyiblər. O isə bu fikirlə qətiyyən razılaşmır. Yada salır ki, Azərbaycan torpaqlarının işğalı, Rusiya silahları İran ərazisindən Ermənistana daşınması ilə əlaqədar məhz orada yaşayan azərbaycanlılar etiraz aksiyaları keçirirdi.

37 yaşlı Purhemməti 2022-ci ilin payızında İranda başlayan etiraz aksiyalarında fəal iştirakına görə təzyiqlərə məruz qaldığını və bu üzdən ölkədən qaçdığını, Azərbaycandan sığınacaq istədiyini bildirib.

O, 2023-cü il oktyabrın 12-də Azərbaycana keçəndən sonra dövlət sərhədini pozma ittihamıyla iki ay həbsdə saxlanlılıb, dekabrın 11-də ev dustaqlığına buraxılıb.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 318.1 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə ittiham irəli sürülüb.

Puya Purhemməti 2020-ci ilin sentyabrında Təbrizdə 600 müəllimin iştirakıyla keçirilən aksiyanın təşkilində də ittiham edilərək, saxlanılıb. Öncə bir həftə SEPAH-ın təcridxanasında saxlanılıb, daha sonra Təbrizə köçürülüb. Ona orada 3 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Cəzasının bir hissəsini çəkəndən sonra 200 milyon tümən (təxminən 6500 manat) girov qarşılığında həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra Azərbaycana qaçıb.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAP), həmçinin İrandakı və xaricdəki bir sıra təşkilatların yaydıqları hesabatlarda da Purhemmətinin həbsi məsələsi əksini tapıb.

Ana səhifəSiyasətİrandan qaçan siyasi fəala Azərbaycanda sığınacaq verilmədi