close

Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz edən fəallar evlərinin qarşısında döyülür

Beynəlxalq münasibətlər üzrə ekspert Qiya Caparidze. Foto sosial şəbəkələrdən

Fəallara hədə-qorxu zəngləri gəlir

“Jamnews”un materialı

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı etiraz aksiyalarında iştirak edən fəallara və bu etirazları açıq şəkildə dəstəkləyən və hakim “Gürcü Arzusu” Partiyasına qarşı çıxan tanınmış simalara qarşı hücumlar və fiziki təzyiqlər davam edir.

Mayın 8-i axşam saatlarında Tbilisidə azı üç fəal naməlum qruplar tərəfindən döyülüb.

Onlardan biri də müxalif “Milli Hərəkat” Partiyasının (həbsdə olan eks-prezident Mixail Saakaşvili tərəfindən yaradılmış) katibliyinin üzvü Dimitri Çikovanidir. Çikovani yaşadığı çoxmərtəbəli binanın girişində hücuma məruz qalıb.

“Milli Hərəkat” Partiyası katibliyinin üzvü Dimitri Çikovani. Foto sosial şəbəkələrdən

Çikovaninin beş nəfər tərəfindən döyüldüyünü göstərən müşahidə kamerasının görüntüləri yayılıb. Videoda onların üzləri görünmür.

Kəllə-beyin travması almış siyasətçi hazırda xəstəxanadadır, onun vəziyyəti “narahatedici” kimi qiymətləndirilir.

Elə həmin gün axşam naməlum şəxslər beynəlxalq münasibətlər üzrə ekspert Qiya Caparidzeyə hücum ediblər. O, “Girçi – Daha çox azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidzenin qardaşı və xarici agentlər haqqında qanunun ən fəal etirazçılarındandır.

Caparidze də kəllə-beyin travması ilə hələlik xəstəxanadadır.

Beynəlxalq münasibətlər üzrə ekspert Qiya Caparidze. Foto sosial şəbəkələrdən

Elə həmin gecə mayın 8-də xarici agentlər haqqında qanunun digər fəal əleyhdarı Laşa Qvinianidze küçədə döyülüb. O, mayın 11-də Tbilisidə keçirilməsi planlaşdırılan “Avropa marşı”nın təşkilatçılarından biridir.

Hücum zamanı Qvinianidze dostu ilə birlikdə olub və o, hücumdan bir fraqment çəkə bilib. Fəalın cırılmış alt dodağını tikiblər.

Bundan başqa, mayın 7-də naməlum şəxs İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) icraçı direktoru Giorgi Klidiaşviliyə və “Formula” telekanalının çəkiliş qrupuna hücum edib. Hücum gündüz saatlarında Tbilisinin mərkəzində, İsveç səfirliyinin düz qarşısında baş verib.

Mayın 5-də Lançxutidə müəllim, beynəlxalq və milli mükafatlar laureatı Lado Axazava öz evinin girişində hücuma məruz qalıb. Axazava xarici agentlər haqqında qanuna etirazlarda fəal iştirak edir. O, hücum zamanı oğlunun yanında olub.

Mayın 1-də keçirilən mitinqdə “Milli Hərəkat”ın lideri Levan Xabeişvili xüsusi təyinatlılar tərəfindən həbs edilib və ağır döyülüb.

“Milli Hərəkat”ın lideri Levan Xabeişvili. Foto sosial şəbəkələrdən
Yüzlərlə fəal və jurnalistə hədə-qorxu ilə dolu zənglər gəlir

Fiziki zorakılıqla yanaşı, son günlər xarici agentlər haqqında qanuna qarşı çıxan yüzlərlə insan psixoloji zorakılığa və təhdidlərə məruz qalıb. Naməlum şəxslər onların telefonlarına zəng edir, ev ünvanını bildiklərini söyləyərək söyür və hədələyirlər.

Həmçinin mayın 8-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, hökumət “şantajda iştirak edən şəxslər haqqında məlumatların toplanacağı” xüsusi məlumat bazası yaradır.

Vətəndaş cəmiyyəti nümayəndələri deyirlər ki, bu təşəbbüs mahiyyətcə tənqidi insanların reyestrinin yaradılmasını nəzərdə tutur.

Mayın 11-də Avropa Günündə Tbilisidə və digər şəhərlərdə “Xarici agentlər haqqında Rusiya qanunu”na qarşı yürüş planlaşdırılır. Onun iştirakçıları eyni vaxtda şəhərin bir neçə ərazisində toplaşaraq parlament binasına doğru yürüş edəcəklər.

Hakim “Gürcü Arzusu” Partiyası ilk dəfə “Xarici agentlər haqqında” qanun layihəsini bir il əvvəl, 2023-cü ilin martında irəli sürmüşdü. Parlament bunu birinci oxunuşda qəbul etdi, lakin vətəndaşların kütləvi etirazları və Qərbin sərt tənqidi nəticəsində hökumət qanunu geri götürdü.

2024-cü il aprelin 3-də hakim partiyanın qanun layihəsini parlamentə qaytarmaq qərarına gəldiyi məlum olub. Məzmun eyni qaldı, lakin bu dəfə layihə “Xarici təsirin şəffaflığı haqqında” adlandı.

Qanun layihəsinin geri qaytarılması 2023-cü ildən daha böyük etirazlarla müşayiət olundu. Hər gün 100 minə yaxın etirazçı küçələrə çıxır.

Gürcüstanın Qərb tərəfdaşları qanun layihəsini kəskin tənqid edir və hökumətə açıq şəkildə xəbərdarlıq edirlər ki, bu qanunun qəbulu Gürcüstanın Avropaya inteqrasiyasına ciddi problemlər yaradacaq.

Hazırda layihə iki oxunuşda qəbul edilib. Mayın 17-də parlament bunu üçüncü, yekun oxunuşda qəbul etməyə hazırlaşır.

Ana səhifəXəbərlərGürcüstanda xarici agentlər haqqında qanuna etiraz edən fəallar evlərinin qarşısında döyülür