close

Harrisin namizədliyi təsdiqləndi: o, Ukrayna və İsraili dəstəkləyəcəyinə söz verdi

Kamala Harris, foto: reuters

“Mən həmişə İsrailin özünümüdafiə hüququnu müdafiə edəcəyəm”

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratların prezidentliyə namizədliyini rəsmi olaraq qəbul edib. O, Qəzzada müharibəyə son qoymağa və bütün dünyada zülmlə mübarizəyə çağırış edərək, Respublikaçı Donald Trampla kəskin ziddiyyət təşkil edən fikirlər söyləyib.

ABŞ prezidentliyinə namizəd Kamala Harris Çikaqoda keçirilən Demokratlar Partiyasının Milli Qurultayında seçki kampaniyası çərçivəsində çıxış edib.

Harris qalib gələcəyi təqdirdə Ukraynanı və Vaşinqtonun NATO müttəfiqlərini dəstəkləyəcəyinə söz verib.

Harris İsrailə dəstək mövzusuna da toxunub.

O bildirib ki, Ağ Ev administrasiyası israilli girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə bağlı razılaşmaya yaxınlaşmaq üçün gecə-gündüz işləyir.

Eyni zamanda o, 7 oktyabrın (HƏMAS-ın Qəzza zolağında İsrailə qarşı başlatdığı hərbi hücum günü) təkrarlanmasının qarşısını alacağına söz verib:

“Mən həmişə İsrailin özünümüdafiə hüququnu müdafiə edəcəyəm. Həmçinin özünü müdafiə edə bilməsini təmin edəcəyəm. Çünki İsrail xalqı bir daha HƏMAS adlı terror təşkilatının oktyabrın 7-də törətdiyi dəhşətlərlə üzləşməməlidir”.

Harris bildirib ki, son on ayda Qəzza zolağında baş verənlər dağıdıcıdır və qaçqın, aclığa məcbur edilən əhali arasında iztirabların miqyası ürək parçalayır.

O, ABŞ-ın hazırkı Prezidenti Co Baydenlə bu müharibəyə son qoymaq üçün çalışdığını təkrarlayıb.

Həmçinin əlavə edib ki, ABŞ-nin qüvvələrini və maraqlarını İrandan və İran tərəfindən dəstəklənən terrorçulardan qorumaq üçün lazım olan hər hansı addımı atacaq.

Kamala Harris çıxışında respublikaçılardan rəqibi Donald Trampı avtoritar liderlərlə yaxınlaşdığına görə sərt tənqid edib.

Harris deyib ki, Tramp Ukraynadan və müttəfiqlərdən üz çevirərək Birləşmiş Ştatların adını bədnam edir.

O, prezident prioritetlərindən də söz açıb, əlçatan mənzil, abort hüquqlarının qorunmasından danışıb.

“Onlar ağıllarını itiriblər”, – Harris Trampın seçki kampaniyasının abortla bağlı mövqeyi barədə belə deyib.

Tramp isə əvvəl sosial mediada, daha sonra “Fox News”da Harrisin çıxışını tənqid edib, onun Çindən, cinayətkarlıqdan danışmadığını bildirib. Tramp bu məsələlərə daim toxunur.

“Daha çox şikayət edirdi. Niyə şikayət etdiyi məsələlərin həlli üçün iş görməyib?”, – Tramp sual edib.

Qurultay öncəsi keçirilmiş müstəqil sorğularda Harris Trampı cüzi fərqlə geri qoyub. O, seçilərsə, ABŞ tarixində ilk qadın prezident olacaq.

2024-cü il noyabrın 5-də ABŞ-da prezident seçkisi keçiriləcək.

ABŞ Prezidenti Co Bayden iyulun 21-də payızda baş tutacaq seçki yarışından geri çəkildiyini açıqlayıb və vitse-prezident Kamala Harrisin demokratlardan prezidentliyə namizəd olmasını təklif edib.

59 yaşlı Harris ABŞ-da böyük siyasi partiyadan prezidentliyə namizəd olan ilk tünd dərili qadındır.

Ana səhifəDünyaHarrisin namizədliyi təsdiqləndi: o, Ukrayna və İsraili dəstəkləyəcəyinə söz verdi