close

Həbs olunan ictimai fəalın vəkili: “Onu görəndə dəhşətə gəldim…”

Foto: Famil Xəlilovun şəxsi arxivindən

Famil Xəlilovun ev dustaqlığına buraxılması üçün apelyasiya şikayəti verilib

Ötən il İsveçdən redmissiya edilən və mayın 2-də həbs olunan Famil Xəlilov Bakı İstintaq Təcridxanasının tibbi-sanitariya hissəsinə köçürülüb. Bu barədə Meydan TV-yə mayın 7-də təcridxanada onunla görüşən vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkil bildirib ki, Famil Xəlilov mayın 6-da oraya köçürülüb:

 “Təcridxanada onun səhhətindəki problemləri nəzərə alaraq, belə qərar verilib. Mən özüm Famil Xəlilovu görəndə dəhşətə gəldim. Hər iki qolu iflicdir. Söhbət zamanı bir də gördüm ki, əsir, təzyiqi kəskin şəkildə qalxır. Hər iki əli işləməyən adam özünü necə idarə edə bilər?!”.

Vəkilin sözlərinə görə, Famil Xəlilov onunla söhbətdə narkotik ittihamını qəbul etməyib. Deyib ki, onu şərləyirlər, narkotiklə yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb.

Bəhruz Bayramov
Foto: VOA

34 yaşlı Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkil Bəhruz Bayramov bu qərardan apelyasiya şikayəti verib:

Famil Xəlilova qarşı narkotik ittihamını əsassız hesab edirik. Hətta istintaq aparılırsa belə, Famil Xəlilovu həbsdə saxlamadan da aparıla bilər. Bu vəziyyətdə olan adamı həbsdə saxlamağa nə zərurət var? Apelyasiya şikayətində də onun barəsində həbs qətimkan tədbirinin dəyişməsini xahiş etmişik”.

Həyat yoldaşı Kiçikxanım Xəlilova da narkotik ittihamının saxta olduğunu deyir. O bildirir ki, həyat yoldaşı sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, hökumətdən, şəxsən dövlət başçısı İlham Əliyevdən insanların hüquq və azadlıqlarına hörmət tələb etdiyinə görə şərlənərək həbs edilib.

Birinci qrup əlil olan Famil Xəlilov mayın 2-də saxlanılıb. Həyat yoldaşı deyir ki, həmin gün Sulutəpə qəsəbəsində kirayə yaşadıqları evə 10 nəfərdən çox polis əməkdaşı gələrək, Famil Xəlilovu zorla sürüyüb aparıblar:

“Famil birinci qrup əlildir, qollarının hər ikisi iflicdir. O, yemək, geyinmək, bir sözlə, bütün ehtiyaclarını mənim köməyimlə qarşılayır. Elə polislər evimizə basqın eləyəndə də onu hamamda yuyundururdum, qapı döyüləndə qızım açıb. Qırmızı-qırmızı yalan danışırlar ki, guya evdən narkotik tapıblar…”.

Kiçikxanım Xəlilova deyir ki, əgər narkotikə görə gəlmişdilərsə, o zaman kompüteri aparmazdılar. Onun sözlərinə görə, ardınca onu və uşaqlarını də Binəqədi rayonu, 40-cı polis bölməsinə aparıblar. Orada onlardan telefonlar və kompüterə giriş kodlarını tələb ediblər:

Yoldaşım içəridə idi, məni və 3 azyaşlı uşağı isə bölmənin həyətində saxladılar. Bir az keçəndən sonra gəlib qızım Qəməri apardılar. Guya atası deyib ki, kompüterin parolunu o bilir. Uşaq elə ağlayırdı…”.

Famil Xəlilov həbs olunduğu gün – mayın 2-də onun sosial media hesablarındakı son paylaşımı hökumətdən uşaqpulu tələbilə bağlı olub.

Daxili İşlər Nazirliyi Famil Xəlilovun həbsilə bağlı həyat yoldaşının dediklərinə münasibət bildirməyib.

Hazırda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, ictimai fəaliyyətlərinə, hökumətin ünvanına tənqidlərinə görə narkotiklə şərlənərək cəzalandırıldıqlarını bildirirlər.

Lakin Daxili İşlər Nazirliyi ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edib. Nazirliyin mətbuat xidməti həbs olunanların konkret fakt əsasında saxlandıqlarını iddia edib.

Ana səhifəSiyasətHəbs olunan ictimai fəalın vəkili: “Onu görəndə dəhşətə gəldim…”