close

Həbsdə olan hüquq müdafiəçisi: “Polislərdən biri xayalarımı möhkəm sıxmağa başladı, ağrıdan dayana bilmədim”

İlhamiz Quliyev. Foto: Meydan TV

İlhamiz Quliyev məhkəmədə üzləşdiyi təzyiqlərdən danışıb

Altı aydır həbsdə olan hüquq müdafiəçisi İlhamiz Quliyev ona qarşı irəli sürülmüş narkotik ittihamını rədd edir. O bildirir ki, əksinə, özü ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə müsahibə verdiyinə görə cəzalandırılır.

İlhamiz Quliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən necə tutulması, həbsindən öncə izlənməsi, ölkədən çıxışına qadağa qoyulması, saxlanılarkən işgəncəyə məruz qalması barədə danışıb.

Hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə prosesində İlhamiz Quliyev və vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq, onun telefonlarının polisdən alınıb, məhkəmədə baxış keçirilməsi barədə vəsatət qaldırıb. İlhamiz Quliyev bildirib ki, həbsindən əvvəl həm telefonları dinlənilirdi, həm də özünü müxtəlif avtomobillərlə izləyiblər. Hüquq müdafiəçisinin sözlərinə görə, onu izləyən polislərin fotolarını çəkmişdi. Bəziləri tutulmasında da iştirak ediblər. O, xahiş edib ki, məhkəmə telefonunu polisdən alsın, fotolara baxılsın.

İlhamiz Quliyev bildirib ki, əvvəllər polis idarəsində müstəntiq köməkçisi işləyib, bu üzdən o sistemdə nələrin baş verməsindən məlumatlı idi. Sentyabrın sonunda “AbzasMedia”ya müsahibəsində də ictimai-siyasi fəalların narkotiklə həbs olunması barədə danışıb. Həmin video-materialda üzü görünməsə də, keçmiş polis əməkdaşı olduğu bildirilib. Onun sözlərinə görə, bir neçə gün ərzində onun kimliyini müəyyənləşdirib, həbs ediblər. Hüquq müdafiəçisi deyir ki, oktyabrın əvvəlində ona küçədə söyüş söymə və polisə tabe olmama ittihamıyla 30 sutka inzibati həbs cəzası veriblər. O zaman saxlanılanda üstündən götürdükləri telefonu isə qaytarmayıblar:

“Buraxılandan sonra bildim ki, telefonuma girib, sosial şəbəkələrdəki hesabımı sındırıblar.  Başa düşdüm ki, məndən əl çəkməyəcəklər, yenə tutacaqlar. Fəalları narkotiklə şərlədiklərinə görə məni də bu cür şərləməm ehtimalı vardı. Ona görə də narkoloji dispanserdə müayinədən keçdim, narkotik maddə istifadəçisi olmadığım barədə rəy aldım. Görürdüm ki, məni izləyirlər”.

Onun sözlərinə görə, ölkədən getmək istəyib, lakin aeroportda məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub, bu səbəbdən hava limanından geri qaytarılıb. Bir neçə gün sonra isə yaşadığı evdən çıxanda həbs edilib.

O, saxlanılarkən, maşında 28-ci polis bölməsinə aparılarkən və bölmədə işgəncəyə, psixoloji təzyiqə məruz qaldığını bildirib. Onun sözlərinə görə, evdən çıxanda onu mülki geyimli polislər saxlayıb:

“Məni saxlayan kimi döyməyə başladılar. Əlimi blokda pilləkənlərin yanındakı dəmirdən tutmuşdum. Qışqırırdım, səsimə yoldaşım çıxanda biri qayıtdı ki, “tez olun, qız gəlir”. Məni döyürdülər, amma əlimi buraxmırdım. Müqavimətimi qırmaq üçün polislərdən biri cinsiyyət orqanıma əl atdı, xayalarımı möhkəm sıxmağa başladı. Şiddətli ağrıdan dayana bilmədim”.

İlhamiz Quliyevin sözlərinə görə, yolboyu maşında da onu döyüblər. Onu aparan polislər arasında 28-ci polis bölməsi ilə yanaşı, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşının olduğunu deyən ictimai fəalın sözlərinə görə, yolda maşını saxlayıb, onu hara aparmaları ilə bağlı məsləhətləşiblər. Sonra 28-ci bölməyə aparıblar:

“Orada dedilər ki, göstəriş var, gedəcəksən, yaxşısı budur, xoşluqla boynuna götür…”.

İlhamiz Quliyev əlavə edib ki, polis bölməsində təhdid altında narkotiklə bağlı etiraf ifadəsinə imza atıb.

Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edir.

Ana səhifəSiyasətHəbsdə olan hüquq müdafiəçisi: “Polislərdən biri xayalarımı möhkəm sıxmağa başladı, ağrıdan dayana bilmədim”