close

Hərəkat sədri saxlanılıb

Ramin Əliyev. Foto: Şəxsi arxivindən

Ramin Əliyev dələduzluqda ittiham olunur

“Son Ümid Xalq Hərəkatı”nın sədri Ramin Əliyev saxlanılıb. Bir gün öncə Sabunçu rayonu, 12-ci polis bölməsinə dəvət olunan siyasi fəal mayın 17-də səhər saatlarında ora gedib. Lakin onu 12-ci bölmədən Tovuz rayon Polis Şöbəsinə aparıblar.

Ramin Əliyevə qarşı dələduzluq ittihamı irəli sürülüb. İddia olunur ki, xalası oğlu Səbuhi Mehrəliyev ondan şikayət edib, 11 min manat pulunu alıb qaytarmadığını deyib. Onun şikayəti əsasında da Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Yaxınları isə deyir ki, Ramin Əliyevə qarşı dələduzluq ittihamı əsassızdır. Onlar bildirir ki, Ramin Əliyevin atası Eldar Əliyev bir müddət öncə ürək əməliyyatı keçirəndə o, xalası oğlundan borc alıb:

“Sonradan böyük hissəsini qaytarmışdı, təxminən 3 min qalmışdı. İndi ödənilmiş pulu da əlavə eləyib, onu dələduzluqda ittiham edirlər. Hardadır bunun dələduzluğu? Borc nə vaxtdan dələduzluq olub?”

Ramin Əliyevin saxlandığını Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Xeyli vaxt idi ki, Ramin Əliyev təqib və təzyiq altında olduğunu bildirirdi. Siyasi fəal mayın 16-da yazmışdı ki, növbəti dəfə polisə çağırılıb:

“Bu gün saat 18:54-də Sabunçu Rayon Polis Bölməsindən zəng edilərək, şöbəyə dəvət olundum. Zəng edən polis əməkdaşından çağırılma səbəbini soruşdum. Polis əməkdaşı bildirdi ki, barənizdə protokol tərtib olunub.
Protokolun nə ilə əlaqədar olduğunu bilmək istədim. Cavabında bildirdi ki, “pandemiya dövründə “maska”ya görə cərimə olunmusunuz, cəriməniz 101 manat təşkil edir.
Bununla bağlı sabah saat 10:00-da bölməyə yaxınlaşmağınız mütləqdir”
.

Ana səhifəSiyasətHərəkat sədri saxlanılıb