close

Həbsdə olan inanclı fəalın anasının dəfnində iştirakı üçün müraciət olunub

Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun şəxsi arxivindən

Narkotik ittihamı ilə həbs olunan Razi Hümbətov anasını itirib

Son illərdə narkotik ittihamı ilə həbs olunan inanclı fəallardan biri – Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovun anası iyulun 19-da vəfat edib. Dəfn mərasimi iyulun 20-də keçiriləcək. İctimai-siyasi fəallar Razi Hümbətovun anasının dəfn və hüzr mərasimində iştirakına icazə verilməsi üçün Penitensiar Xidmətə və Ədliyyə Nazirliyinə müraciət edib.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, qanunvericilik də buna imkan verir:

“Məhbuslarla beynəlxalq minimal standart davranış qaydaları var. Bu qaydalara görə, həbsdə olan şəxsin yaxın qohunlarından hər hansı biri nəinki öldükdə, hətta ağır xəstə olanda da, məhbusun mühafizə altında, yaxud sərbəst şəkildə ona baş çəkməsinə icazə verilməlidir”.

Rüfət Səfərov əlavə edib ki, hüquq müdafiəçiləri Razi Hümbətovun məhkəmə prosesini izləyib, ona qarşı narkotik ittihamı mötəbər sübutlarla təsdiqini tapmadığı qənaətinə gəlib:

“Təqsirsiz bir adam 3 ildir ki, həbsdədir. Oğlunun başına gələnlərə görə iztirab keçirən anası da dözə bilməyib vəfat etdi. Heç olmasa, anasının dəfnində iştirakına icazə verilməlidir. Anasını dəfn etsin, yenidən dörd divar arasına dönsün…” .

Razi Hümbətov 2021-ci ilin iyulundan həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İnanclı fəal özünü təqsirli bilmir və narkotik ittihamının saxta olduğunu deyir.

Razi Hümbətov məhkəmədə bildirib ki, 2021-ci il iyulun 7-də yaşadığı Ceyranbatan qəsəbəsində 5-6 mülki geyimli şəxs tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada təzyiqlərə məruz qaldığını deyən fəal bildirib ki, narkotik maddəni üzərinə polislər qoyub. O da təzyiq altında etiraf ifadəsinə imza atıb.

Müsəlman Birliyi Hərəkatı da Razi Hümbətovun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını bəyan edib.  Hərəkat üzvünün həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir.  Zaman-zaman “Facebook” səhifəsində hökumətin siyasətini tənqid edən inanclı fəal həbsindən bir neçə gün əvvəlki paylaşımında

“İlham Əliyev, xalq səni sevmir” yazmışdı. Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 70-dən çox üzvü həbsdədir. Onların əksəriyyətinə narkotik ittiham verilib. İnanclı fəallar isə şərlənərək həbs edildiklərini bildirirlər.

Ana səhifəSiyasətHəbsdə olan inanclı fəalın anasının dəfnində iştirakı üçün müraciət olunub