close

Rusiya məhkəməsi amerikalı jurnalistə 16 il həbs cəzası verib

Evan Gerşkoviç. Foto: Reuters

Co Bayden ABŞ hökumətinin Gerşkoviçin azad edilməsi üçün ciddi səy göstərdiyini deyib

Rusiya məhkəməsi amerikalı jurnalist Evan Gerşkoviçi casusluqda təqsirli bilib və 16 il həbs cəzasına məhkum edib. 32 yaşlı Gerşkoviç Yekaterinburqda əsasən, bağlı qapılar arxasında keçirilən məxfi məhkəmə prosesində ittihamları rədd edib və özünü təqsirli bilməyib. Çalışdığı “Wall Street Journal” da hökmü “rüsvayçı, saxta” adlandırıb.

Deyilənə görə, məhkəmə böyük tələskənliklə başa çatıb. Məhkəmə zalından çəkilmiş görüntülərdə Gerşkoviçin hökmü şüşə müttəhimin qutusunun içindən etinasızca izlədiyi görünür. Həmçinin məhkəmə jurnalistin mobil telefonunun və kompüterinin məhv edilməsinə qərar verib. Prokuror 18 il həbs cəzası istəyib. Nəticədə 16 illik hökm oxunub.
Prezident Co Bayden ABŞ hökumətinin Gerşkoviçin azad edilməsi üçün ciddi səy göstərdiyini deyib. Bildirib ki, Rusiyanın Evanı haqsız olaraq həbs etdiyinə dair heç bir şübhə yoxdur:
 “Jurnalistika cinayət deyil”.

Britaniyanın Baş naziri Keir Starmer bu hökmü “alçaq” adlandırıb.

Gerşkoviç ötən ilin martında Uralın Yekaterinburq şəhərində reportaj hazırlayarkən həbs edilib və soyuq müharibədən sonra Rusiyada casusluqda ittiham olunan ilk ABŞ jurnalisti olub. O, Moskvanın Lefortovo həbsxanasında saxlanılırdı, sonradan mühakimə olunmaq üçün Yekaterinburqa qaytarılmışdı. Prokurorlar iddia edirdilər ki, Gerşkoviç MKİ-nin göstərişi ilə Moskvanın Ukraynadakı müharibəsində iştirak edən Uraldakı hərbi fabrik haqqında məxfi məlumatlar toplayıb.

Çalışdığı “Wall Street Journal” və ABŞ dövlət departamenti bu iddianı “gülünc” adlandırıb. Jurnalist Rusiya Xarici İşlər Nazirliyindən bu ölkədə jurnalist kimi işləmək üçün rəsmi akkreditasiya alıb.

“Bu rüsvayçı, saxta ittiham Evanın jurnalist kimi işinə görə 478 gün həbsdə qalmasından, haqsız yerə həbsdə saxlanmasından, ailəsindən və dostlarından uzaqda saxlanılmasından, reportaj yayımlamasına mane olmasından sonra baş verib”, – “Wall Street Journal”-ın bəyanatında deyilir. Əlavə olunur ki, onlar Evanın azadlığa buraxılması və ailəsini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəklər:
 “Jurnalistika cinayət deyil və biz o, azadlığa çıxana qədər dincəlməyəcəyik”

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığı təşkilatı hökmü “qeyri-adi” adlandırıb və Gerşkoviçin dərhal azadlığa buraxılmasını istəyib. ABŞ-ın Moskvadakı səfirliyi bildirib:

“Rusiya hakimiyyətinin nə iddia etməsindən asılı olmayaraq, Evan jurnalistdir. O, heç bir qanunsuz hərəkətə yol verməyib. Rusiya hakimiyyəti onun cinayət törətdiyinə dair sübut və ya Evanın həbsdə saxlanmasına bəraət qazandıra bilməyib”. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ofisi hökmdən ciddi narahat olduqlarını bildirib.

“Jurnalistlər Rusiyanın beynəlxalq insan haqları öhdəliklərinə uyğun olaraq, repressiyalardan qorxmadan təhlükəsiz mühitdə öz əsas peşə funksiyalarını yerinə yetirə bilməlidirlər”, – bəyanatda deyilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Qerşkoviçin casusluqda əli olduğuna dair “təkzibedilməz sübutlar” olduğunu bildirib, lakin təfərrüatları açıqlamayıb.

Ana səhifəDünyaRusiya məhkəməsi amerikalı jurnalistə 16 il həbs cəzası verib