close

Həbsdə olan prodüser psixiatrik ekspertizaya göndərildi 

Təranə DSəmədova. Foto: sosial şəbəkə

Təranə Səmədova özünü təqsirli bilmədiyini deyir

Bir sıra məşhur müğənnilərin prodüseri olmuş, hazırda həbsdə olan Təranə Səmədova psixiatrik ekspertizadan keçiriləcək.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər kollegiyası qərar verib.

Uzun illər öncə münasibətdə olduğu şəxsi şantaj edib, ondan pul tələb etməkdə ittiham olunan Təranə Səmədova 2023-cü ilin fevralından həbsdədir.

O, məhkəmə qarşısında tək deyil. Həbs olunduğu dövrdə qeyri-rəsmi birlikdə yaşadığı Rasim Həsənov da eyni ittihamla onunla birlikdə mühakimə olunur. Rasim Həsənov 2022-ci ilin dekabrından həbsdədir.

O, həbs olunsa da, Təranə Səmədovanın himayəsində azyaşlı (13 və 3 yaşlı ) iki qızının olması nəzərə alınaraq, ilkin istintaq dövründə həbs qətimkan tədbiri seçilməmişdi. Sonradan onun barəsində qətimkan tədbiri dəyişib və həbs olunub.

Məhkəmədə ittiham elan olunanda Təranə Səmədova orada yazılanlarla razılaşmayıb. O, özünü təqsirli bilməyib. Rasim Həsənov isə özünü qismən təqsirli bildiyini deyib.

Təranə Səmədova və Rasim Həsənov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təranə Səmədova 2017-ci ildə də insan alveri ittihamıyla 2 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan prodüser sonradan narkotik ittihamıyla saxlanmışdı. Həmin vaxt ona 400 manat cərimə kəsilmişdi.

Ana səhifəSosialHəbsdə olan prodüser psixiatrik ekspertizaya göndərildi