close

İranda hicabdan imtina edən aktrisalar filmlərə çəkilməyəcək

Foto: Wiki və Meydan TV montaj

Hicabsız aktrisalarla əməkdaşlıq edən prodüserlərə isə lisenziya verilməyəcək

İranın Kinematoqrafiyaya Peşəkar Qiymətləndirmə və Nəzarət Baş İdarəsinin rəis müavini Həbib İl Beqi hicab taxmaqdan imtina edən aktrisaların filmlərdə çəkilməsinə qadağa qoyulduğunu bildirib.

O, bu barədə İRNA dövlət telekanalına müsahibəsində danışıb.

Hicabsız aktrisalarla əməkdaşlıq edən prodüserlərə film nümayiş etdirmək üçün lisenziya verilməyəcəyinə dair artıq xəbərdarlıq etmişik”, – Həbib İl Beqi deyib.

Bunun ardınca isə “CinemaDaily”-nin “Telegram” kanalında bu qadağadan təsirlənəcəyi ehtimal edilən on iki aktrisanın siyahısı yayımlanıb.

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili də növbəti dəfə hicab taxmağın qanun olduğunu bildirib.

Və biz bu qanuna əməl edəcəyik”, – deyib.

Lakin nazir çıxışında Həbib İl Beqinin dediklərini təsdiq və ya təkzib etməyib. Sadəcə, əlavə edib ki, qanuna əməl etməyənlərlə işləmək mümkün deyil.

İranda İslam İnqilabından sonra, 1981-ci ildən başlayaraq doqquz yaşdan yuxarı bütün qadınlara ictimai yerlərdə hicab taxmaq məcburi olub.

2022-ci ildə İranda kütləvi etirazlar başlayıb və bir neçə ay davam edib. Buna səbəb 22 yaşlı Məhsa Amininin ölümü olub. O, 2022-ci ilin sentyabrında İran polisi tərəfindən düzgün hicab geyinməməkdə ittiham edilərək saxlanılıb. Polis bölməsindən xəstəxanaya aparılan qız bir neçə gün sonra orada vəfat edib.

Yaxınları onun ölümünün təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi olduğunu güman edirlər.

Məhsa Aminin ölümündən sonra qadınların rəhbərlik etdiyi etirazlar ölkənin 31 vilayətində 160 şəhərə yayılıb.

Etiraz hərəkatı ilə həmrəylik ifadə edən və rejimə qarşı açıq-aşkar itaətsizlik aktı olaraq ictimai yerlərdə hicablarını çıxaran iki aktrisa – Henqame Qaziani və Katayun Riahinin də həbs edilib.

2023-cü ilin sentyabrında İran İslami geyim qaydalarını pozan qadınlara 10 il həbs cəzası nəzərdə tutan “Hicab və İffət” qanununu qəbul edib.

Yeni qanuna əsasən, məcburi hicaba əməl edilməməsi çılpaqlıq sayılır.

Qanunu pozan qadınlar şallaqlanaraq 360 milyon İran rialına (8522 dollar) qədər cərimələnə bilərlər.

Əvvəlki qanunvericilikdə belə pozuntu iki aya qədər həbs və ya 500 min İran rialına (12 dollar) qədər cərimə nəzərdə tutulurdu.

Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar zamanı 600-ə yaxın nümayişçi həlak olub, 20 minə yaxın insan isə nəzarətə götürülüb. Bir neçə nəfər edam edilib.

Məhsa Amininin ölümündən sonra bir sıra iranlı sənət adamları da olaya etiraz əlaməti olaraq sosial şəbəkələrdə paylaşmalar ediblər.

Nəticədə aktrisalar Təranə Əlidusti, Henqame Qaziani və Katayun Riahinin həbs edilməsi xəbərləri yayılıb.

Ana səhifəMədəniyyətİranda hicabdan imtina edən aktrisalar filmlərə çəkilməyəcək