close

Həbsdə vəfat edən icra başçısının yarım milyonluq əmlakı ilə bağlı qərar qətiləşdi

Foto: DTX

Nizaməddin Quliyevin hakim, müstəntiq işləyən övladları…

11 il yaxın müddətdə Goranboy və Ağstafa rayonlarının icra başçısı olmuş, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində həbs edilmiş  Nizaməddin Quliyevin ölümündən 3 ilə yaxın vaxt keçsə də, onun yarım milyondan artıq dəyəri olan əmlakları ilə bağlı məhkəmə prosesləri bu günə qədər davam edirdi. İyulun 18-də Ali Məhkəmə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısının əmlakları ilə bağlı yekun qərar verib.

Nizaməddin Quliyev 2019-cu ilin dekabrında həbs olunandan sonra onun özü və yaxınlarının adına olan bir sıra əmlakların üzərinə həbs qoyulmuşdu. 2021-ci ilin avqsutunda Gəncə Ağır Cinayətlər Məhkəməsində onun haqqında 9 il 6 ay azadlıqdan məhrumetmə hökmü çıxarılanda üzərində həbs olan əmlakların da müsadirəsinə qərar verilmişdi.

Sabiq icra başçısı hökmdən apelyasiya şikayəti versə də, apellasiya məhkəməsi başlamamış – 2021-ci ilin sentyabrında həbsdə koronavirusa yoluxaraq, vəfat etmişdi. Bundan sonra məhkəmədə hüquqi varisi qismində qardaşı çıxış edirdi.

Gəncə Apelyasiya Məhkəməsi də Nizaməddin Quliyevi təqsirli bilmiş, lakin öldüyünə görə onun haqqındakı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdi. Bununla belə, əmlakların müsadirəsi hissəsində isə hökmü dəyişmişdi.

Bu dəfə prokurorluq əmlaklarla bağlı qərara görə sabiq icra başçısının işindən Ali Məhkəməyə kassasiya protesti vermişdi. Ali Məhkəmə 2022-ci ilin oktyabrında prokurorluğun protesti əsasında Gəncə Apelyasiya Məhkəməsinin əmlaklarla bağlı qərarını ləğv edərək, işi yenidən baxılması üçün bu instansiyaya qaytarmışdı.

İşə ikinci dəfə baxan Gəncə Apelyasiya Məhkəməsi əvvəlkindən fərqli olaraq, əmlakların müsadirəsinə qərar vermişdi. Bu dəfə isə həmin qərardan Nizaməddin Quliyevin hüquqi varisi qismində tanınan qardaşı Ali Məhkəməyə şikayət vermişdi. İyulun 18-də Ali Məhkəmədə məhz həmin şikayətə baxılıb.

Ali Məhkəmə əmlakların müsadirəsilə bağlı aşağı instansiyanın qərarını doğru sayıb və qüvvədə saxlayıb.

Müsadirəsinə qərar verilən əmlaklar əsasən, Goranboy rayonu ərazisində yerləşən obyektlər, torpaq sahələridir. Onların arasında aşağıdakı əmlaklar var:

Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən obyekt – istintaq dövründə 330 min manat dəyərləndirilib;

Goranboy rayonu, Heydər Əliyev prospekti 2 ünvanında obyekt – 143 min manat;

Goranboy şəhəri, V.Bayramov küçəsində yaşayış sahəsi – 121 min manat…

Azərbaycanda icra başçılarından həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla – Nizaməddin Quliyevlə başlamışdı.

1954-cü il təvəlldlü Nizaməddin Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində cəmi 8 ay işləmişdi. Bundan öncə isə o, 10 il Goranboy rayonunda eyni vəzifəni daşıyıb.

Əməliyyat nəticəsində onun özü ilə yanaşı, müavini Ramiz Tatarov da həbs olunmuşdu. Rüşvət almaqda ittiham olunan Ramiz Tatarova Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilsə də, Ali Məhkəmə bu müddəti 6 ilə endirib.

Sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramin Quliyev hazırda Nərimanov Rayon Məhkəməsinin hakimidir. O, atası həbs olunarkən də bu vəzifədə çalışırdı. Həmin hadisələrdən sonra bir müddət fəaliyyətində fasilə verilsə də, sonradan vəzifəsinin icrasını davam etdirdi.

Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev isə həmin vaxt Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi idi. Atasının həbsindən sonra o, vəzifəsindən azad edilsə də, bir neçə ay sonra Baş prokuror Kamran Əliyevin əmri ilə yenidən prokurorluğa qaytarılaraq, müstəntiq təyin olundu.

Ana səhifəBölgəHəbsdə vəfat edən icra başçısının yarım milyonluq əmlakı ilə bağlı qərar qətiləşdi