close

Azərbaycanlı jurnalistin Tbilisi Hava Limanından uçmasına icazə verilməyib

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

Əfqan Sadıqov vəkil vasitəsilə DİN-ə müraciət edəcək

Azərbaycanlı jurnalist Əfqan Sadıqovun Tbilisi Hava Limanından Türkiyəyə uçuşuna izin verilmədiyi bildirilir. Məlumatı Meydan TV-yə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova təsdiqləyib.

Bildirib ki, sərhəd polisindən onlara Əfqan Sadıqovun pasportunun sistemdə görünmədiyi, yalnız Azərbaycana uça biləcəyi bildirilib.

“Antalyaya uçurduq, Tbilisi Hava Limanında pasport kontrolda saxlanıldı, ona deyildi ki, üçüncü ölkəyə uça bilməz. Səbəbi barədə məlumat vermədilər, dedilər ki, Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat alın. Amma bizi uçuşa buraxmadılar”.

Səbəbinə gəlincə, Sevinc Sadıqova iddia edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin sifarişi ilə edilib.

“Vəkil vasitəsilə nazirliyə müraciət edəcəyik. Hamı bilir ki, o, Azərbaycana dönsə, həbs ediləcək. Çünki daim ölkə rəhbərliyini tənqid edir, korrupsiyadan yazır və vətəndaşların şikayətlərini işıqlandırır. Bu gün Gürcüstan Əfqanı vermədi, bəlkə də başqa ölkə verərdi, bilmirəm. Sistemdə pasport görünmür deyib, birini saxlamaq doğru deyil. Bizi saxladılar, polis gəldi, uşaqlar qorxdu, stress yaşadıq. Təhlükəsizliyimizə görə ötən ilin dekabrından Tbilisidə yaşayırıq, bu hadisə göstərdi ki, əslində burada da təhlükəsiz vəziyyətdə deyilik”.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi hər hansı açıqlama verməyib.

Ana səhifəSiyasətAzərbaycanlı jurnalistin Tbilisi Hava Limanından uçmasına icazə verilməyib