close

Həbsdəki keçmiş icra başçısının cəzası 3 ay azaldıldı

Namiq Zeynalov. Mənbə: Azərtac

Şirvan Apelyasiya Məhkəməsi əvvəlki hökmü dəyişdi

Həbsdə olan sabiq məmurlardan Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalov haqqında hökm dəyişib. Onun cəzası 3 ay azaldılıb.

Şirvan Apelyasiya Məhkəməsində Namiq Zeynalovun şikayəti üzrə yarım ildən çoxdur davam edən məhkəmə prosesi yekunlaşıb. Qərara əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ona təyin etdiyi 12 illik azadlıqdan məhrumetmə cəzası 11 il 9 aya endirilib. Bu barədə İsmayıl Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərar qəbul edib.

Hökm qalan hissədə dəyişməyib.

Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının əmlakları müsadirə olunmuş, yeyinti nəticəsində dəymiş ziyanın ödənilməsinə yönəldilməsi haqda qərar qəbul edilmişdi.

Namiq Zeynalovun vaxtilə rəhbərlik etdiyi qurum – Cəlilabad rayon İcra Hakimiyyəti ondan 3 milyon manat ödəməyi tələb edirdi. Məhkəmə prosesində ona qarşı 3 milyonluq mülki iddia qaldırmışdı. Eyni zamanda, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Mərkəzi) də ona qarşı 50 min manatlıq ayrıca mülki iddia qaldırmışdı.

İddia olunur ki, Namiq Zeynalov icra başçısı vəzifəsində işlədiyi dövrdə yeyinti, vəzifə səlahiyyətlərindən sui-istinfadə nəticəsində icra hakimiyyətinə, DOST Mərkəzinə bu qədər ziyan vurub.

Namiq Zeynalov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib.

Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2020-ci il dekabrın 7-də keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Cəlilabadın icra başçısı təyin edilməmişdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Ana səhifəBölgəHəbsdəki keçmiş icra başçısının cəzası 3 ay azaldıldı