close

Həbsdəki sabiq deputatı ittiham edən tarixçi: “Mənim atama od qoyub”

Nazim Bəydəmirli. Foto: Meydan TV

Şikayətçilər Nazim Bəydəmirli tərəfindən şantaj olunduqlarını deyirlər

Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir. Onun işinə Fərid Namazovun sədrliyilə, Əhməd Quliyev və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Mayın 27-də keçirilən məhkəmə prosesində sabiq deputatın işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər – Ədalət Bağırov və Mürsəl İbrahimov ifadə verib.

Ədalət Bağırov “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədridir. Nazim Bəydəmirli də şirkətin səhmdarıdır. İttihama görə, Nazim Bəydəmirli şirkət rəhbərini intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb edib və 10 min manat pul alıb.

Ədalət Bağırov ifadəsində bildirib ki, onu Nazim Bəydəmirli ilə 2000-ci illərin əvvəllərində o dövrdə məhkəmə hakimi işləyən Lətif Nəbiyev tanış etmişdi. Əvvəllər Bakı Apelyasiya Məhkəməsinin hakimi olan Lətif Nəbiyev özü də hazırda dələduzluq ittihamı ilə həbsdədir.

Zərərçəkmişin sözlərinə görə, tanış olandan bir müddət sonra Nazim Bəydəmirliyə torpaq və şirkətin səhmlərinin bir hissəsini satıb. Torpağı onun adına rəsmiləşdirsələr də, pulunu – 120 min dolları ala bilməyib:

Ondan mənə çatası 120 min dolları istəyəndə dedi ki, “seçkidir, qoy deputat seçilim, hər şey yaxşı olacaq”. Seçildi, amma mənə çatan pulu vermədi. Lətif Nəbiyevə dedim, mənə məsləhət gördü ki, səbirli olum. Pulumu vermədi, amma mənim özümü məhkəməyə verdi, qəzetdə biabır elədi”.

Ədalət Bağırov ifadəsinin davamında iddia edib ki, Nazim Bəydəmirli ilə aralarında problemlər, məhkəmə çəkişmələrindən sonra ona qarşı müxtəlif üsullarla şantajlar başlayıb. Onun iddiasına görə, 2008-ci ildə “Avto-Qarant”ın qarajında şirkətdə aşpaz işləyən qadın vasitəsilə onu şərləməyə cəhd göstəriblər:

“Qadın sinəsini cırıb dedi ki, “məni zorlamısan”. Dedim, “ay bacı, mənim sənə əlim də dəyməyib”. Sonradan bildim ki, buna mənə şər atması üçün 20 min dollar pul veriblər. Sonralar da hiss edirdim ki, məni kimlərsə izləyir. 2023-cü il iyulun 24-də “NZS”də şirkətin qarajına Nazim gəldi. Mənə telefonunda iki kişinin intim videosunu göstərib dedi ki, buradakılar sən də ola bilərsən. 50 min pul və şirkətin səhmlərinin 15 faizini istədi, dedi ki, yoxsa yayacaq. Mən də məcbur olub, 10 min verdim”.

Nazim Bəydəmirli. Foto: Meydan TV

Nazim Bəydəmirli isə Ədalət Bağırovun yalan danışdığını, ifadəsində səsləndirdiyi fikirlərin hamısının şər-böhtan olduğunu bildirib:

Bu bədnamın danışığında bir cümlə həqiqət var. O da Lətif Nəbiyevlə bağlı hissədir. Bunun əmisi oğlunun işi məhkəmədə idi, ona Lətif Nəbiyev baxırdı. Vəssalam, dediklərinin qalan hissəsi öz uydurmasıdır, cəfəngiyyatdır”.

Daha sonra digər zərərçəkmiş Mürsəl İbrahimov ifadə verib. İttihama görə, 1996-cı ildə Rusiyada spirtli içki biznesilə məşğul olan Mürsəl İbrahimovu Nazim Bəydəmirli kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib. Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Sonda Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib.

Mürsəl İbrahimov məhkəmədə ifadəsində bildirib ki, tarix müəllimi olub, Bakı Dövlət Universitetində dərs deyib. 90-cı illərin əvvəllərində bizneslə məşğul olmağa başlayıb. O dövrdə biznes sahəsində iranlılara vasitəçilik edib, bunun qarşılığında onlardan pul alıb.

Nazim Bəydəmirli ilə 1995-ci ildə Lipetskdə tanış olduğunu deyən zərərçəkmişin sözlərinə görə, keçmiş deputat həmin dövrdə orada meyvə-tərəvəz biznesi ilə məşğul idi:

“Mənə xoş təsir bağışladı. Mən də ona dedim ki, iranlılarla işləyirəm. Sonra mən Bakıda olanda Nazim zəng elədi, evimə gəldi, söhbətləşdik. Birlikdə araq biznesi ilə məşğul olmağı təklif elədi. Dedi ki, yarıbayarı şərik olaq. Mən də razılaşdım. İranlılardan 40 min alıb, Voronejdə Nazimə verdim”.

Mürsəl İbrahimov iddia edir ki, Nazim Bəydəmirli onu müflis edib, oğlunu saxlayıb, buraxmaq üçün pul tələb ediblər. O, bütün bunlara görə Nazim Bəydəmirlini ittiham edir:

“Onun həmin dövrdə orada özündən xeyli böyük arvadı vardı. Qadın vergi müfəttişi idi, qadının əmisi də milis rəisi. Nazim onunla məqsədli şəkildə evlənmişdi. Bir gecə oğlum evə gəlmədi. Orada mənim heç kimim yox idi, ona görə Nazimə zəng elədim. Arvadı qayıtdı ki, “bəs bilmirdin axırı belə olacaq?” Nazimin arvadının bacısı məndən 70 min dollar tələb elədi ki, uşağım sağ-salamat qayıtsın. Evdə 28 min dollar var idi, hamısını Nazimin baldızına verdim. 3-4 saat sonra Nazim oğlumu gətirdi. Mən də onu Bakıya yola saldım”.

Mürsəl İbrahimov onu da əlavə edib ki, 1996-cı ildən 2023-cü ilə qədər şikayətçi olmamasının səbəbləri var. Onun iddiasına görə, Rusiyada yaşadıqları şəhərdə vəzifədə olanlar Nazim Bəydəmirlinin qohumları idi:

Azərbaycana gələndən sonra şikayət edə bilərdim. Onda da eşitdim ki, onun kriminal qruplaşmalarla əlaqəsi var. Sosial şəbəkədə onun həbs edildiyini görəndən sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə getdim. Dedim ki, bu, mənim atama od qoyub”.

Nazim Bəydəmirli isə bildirib ki, Mürsəl İbrahimov yalan danışır:

Mən də bunun ailəsi haqqında elə şeylər danışaram ki… Amma özümə rəva görmürəm. Başdan-ayağa yalan danışır. Həbsimi fürsət bilir”.

Nazim Bəydəmirlinin işi üzrə məhkəmə prosesi iyunun 10-da davam edəcək.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Sabiq deputat ittihamların heç birini qəbul etmir. O, məhkəmədə bildirib ki, hər iki ittiham şər-böhtandır.

2005-ci ildə deputat seçiləndə məni tam araşdırıblar. Əgər 1996-cı ildə mənim belə bir hərəkətim olsaydı, əlbəttə ki, bilərdilər. Sadəcə, mənim həbs olunmağımı fürsət bildilər. Həbsimdən sonra bunu tapıb, əleyhimə istifadə eləyiblər. Kimisə kriminal aləmlə, ailəsilə hədələmək ümumiyyətlə, mənlik deyil. Hikmət Sabirabadlı vardı, Rövşən Lənkəranski vardı, nədir, mən də Nazim Gədəbəyskiyəm?”, – Rusiyadakı ittiham epizodu üzrə danışıb.

“Avto-Qarant”ın rəhbərilə bağlı ittihama gəlincə, Nazim Bəydəmirli bildirib ki, şirkətin səhmlərinin 30 faizini bankdan pul götürüb, hərracda satın almışdı. Pay sahibi olmasına baxmayaraq, Ədalət Bağırov onu şirkətə yaxın buraxmırdı. İllərlə sahib olduğu əmlakdan, onun gəlirlərindən istifadə edə bilmədiyini vurğulayan Nazim Bəydəmirlinin sözlərinə görə, nəinki o, hətta Ədalət Bağırovun yaxın qohumları – qardaşı, anası, əmisi oğlu da onun hərəkətlərindən şikayətçi olub.

O əlavə edib ki, özünü “ekologiya məhbusu” hesab edir. Onun sözlərinə görə, 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazlarına görə kimisə qurban vermək lazım idi. Qurban kimi isə onu seçiblər.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.

Ana səhifəSiyasətHəbsdəki sabiq deputatı ittiham edən tarixçi: “Mənim atama od qoyub”