close

Qanunsuz saxlanıldığını deyən sürücü yol polisindən Baş prokurora şikayət edir

Yol polisi. Foto: DİN

“Xahiş edirəm, polis adına ləkə gətirən belə məmurun özbaşınalığına son qoyasınız”

Bakı sakini Şəbnəm Topbaştekin deyir ki, bu il martın 23-də istifadəsində olan 77GS448 dövlət nömrə nişanlı “Ford Mustang” markalı avtomobil Yasamal rayonu, Qurban Xəlilov 4A küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılıb.

Avtomobili saxlayan yol patrul xidmətinin əməkdaşı ondan sənədlərini tələb edib.

Şəbnəm Topbaştekin Meydan TV-yə deyir ki, sürücülük vəsiqəsinin, nəqliyyat vasitəsinin şəhadətnaməsinin yoxlanılmasının yalnız stasionar postlarda həyata keçirildiyini bilsə də, mübahisə etməmək üçün sənədlərini təqdim edib.

Sürücü polisdən ad və soyadını, həmçinin rütbəsini söruşsa da, o, heç bir məlumat verməyib.

Polis əməkdaşı avtomobilin səsboğucusunda olan qaynaq izini göstərərək əlavə avadanlıq quraşdırıldığını iddia edib. Ona görə də sürücülük vəsiqəsini geri qaytarmayıb.

Bundan başqa, ona vəsiqəni əvəz edən müvəqqəti sənəd də verməyib.

Şəbnəm Topbaştekin deyir ki, yol polisinə avtomobildə hər hansı əlavə qurğu quraşdırılmadığını desə də, faydası olmayıb:

Avtomobilimdə heç bir avadanlıq, o cümlədən, səsboğucu dəyişdirməmişəm.  Həmin maşını 2023-cü ilin iyun ayında bir saytdan sifariş edib, almışam. Həmin model maşınlarda (2022 model Ford Mustang) olan səsboğucu mənim maşınımda olduğu kimidir. Maşın Azərbaycana gətirildikdə Dövlət Yol Polisi İdarəsində dövlət qeydiyyatına düşərkən, texniki baxışdan keçib, əgər səsboğucu normativ qaydalara uyğun olmasaydı, dövlət qeydiyyatından imtina olunardı. Bunları yol polisinə desəm də, nəticəsi olmadı. O, yol qaydasının pozulması haqqında heç bir maddə bildirmədi, heç bir protokol yazmadı. Mənə: “Bunun cəriməsi 800 manatdır, yerində ödə ki, maşınını aparmayım”, – dedi. Protokolsuz bu pulu məndən tələb etməklə qanunu pozduğunu xatırlatsam da, məhəl qoymadı”.

Onun sözlərinə görə, yol polisi ilə mübahisə etməyib və həmin vaxt onun avtomobilində olan iki xanımla birlikdə düşərək yaxınlıqdakı ünvana gedib. Geri qayıdanda isə maşını yerində tapmayıb:

Ətrafdaki tanışlardan maşınımı həmin yol patrul xidmətinin evakuatorla apardığını öyrəndim. Martın 26-da mən və yoldaşım DİN “102 Xidməti”nə dəfələrlə zəng edib maşının yol polisi tərəfindən evakuatorla aparılması barədə məlumat verdik. 24 saatdan çox müddət keçməsinə baxmayaraq polisdən geri dönüş olmadı, telefonuma protokol  haqqında mesaj da gəlmədi”.

Foto: Meydan TV

Narahatlığı artan vətəndaş martın 27-də Daxili İşlər Nazirliyinə onlayn, Bakı Şəhər Yol Polis İdarəsinə isə ərizəylə əyani müraciət edib.

Ona bildirilib ki, baş verənlərdə hər hansı qanun pozuntusu yoxdur və onunla özləri əlaqə saxlayacaqlar.

Vətəndaşsa daha bir gün də gözləyəndən sonra başına gələnləri ictimailəşdirmək qərarına gəlib və yerli xəbər portallarına məlumat verib:

“Xəbər portalı Daxili İşlər Nazirliyinə sorğu göndərdikdən sonra – martın 29-da istifadəmdə olan telefona qərarsız cərimə haqqında mesaj gəldi. Mesajda göstərilən tarix 3 gün əvvələ – martın 26-na qeyd olunmuşdu. Ancaq yenə də maşının yeri barədə hər hansı məlumat yox idi. Avtomobilimin konkret hansı yol patrul maşını tərəfindən aparıldığnı bildirsəm də, 102  Xidmətindən və BŞDYP-dən martın 30-dək harada saxlandığı barədə məlumat almadığımdan çox narahat idim. Ona görə də maşınımın itməsi və başıma gələnlərlə bağlı martın 30-da Yasamal Rayon Prokurorluğuna müraciət etdim. Prokuror köməkçisi məni qəbul etdikdən 10 dəqiqə sonra maşınımın hansı cərimə meydançasında olduğu barədə məlumatlandırıldım”.

Şikayətçi qeyd edib ki, problem bununla da bitməyib. Sonradan “İnzibati xəta haqqında” Protokolun tərtib edilməsi üçün Yasamal DYP-nə çağırılanda ona məlum olub ki, sənədlərdəki tarixlər saxtalaşdırılıb. Aprelin 17-də növbəti dəfə Yasamal DYP-də olub. Ondan protokolu oxumadan imzalanması tələb edilib:

“10-cu otaqda mülki geyimdə olan və özünü təqdim etməyən şəxs  mənimlə kobud rəftar edərək protokolu oxumadan imzalamağımı tələb etdi. Mən oxumaq üçün israr etdikdə otağından çıxmağımı, protokolu oxumağıma icazə vermədiyini bildirdi”.

Daxili İşlər Nazirliyi. Foto: DİN

Aprelin 19-da Şəbnəm Topbaştekinin iştirakıyla “İnzibati xəta haqqında” Protokol tərtib olunub. Protokolda qeyd edilib ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 342.2 (normativ tələblər pozulmaqla əlavə avadanlığın quraşdırılması) və 327.1 (manevr etmə qaydalarının pozulması) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədib. Özü isə bununla razı deyil:

İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən, protokokda inzibati xətanın mahiyyəti göstərilməlidir. Hansı hüquq pozuntusu və inzibati xəta törətməkdə təqsirləndirildiyim isə bu protokolda aydın deyildi. Hansı manevr qaydasını pozmuşam, hansı avadanlığı quraşdırımışam, avadanlıq quraşdırılıbsa, hansı normativə ziddir, bunlar barədə məlumat yoxdur”.

Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və polisin intizam məsuliyyətinə cəlb edilməsi haqqında poçtla yazılı şəkildə göndərdiyim məktub aprelin 23-də imzalanaraq qəbul edilsə də, sonradan çoxlu müraciətlərimdən, nəhayət, daxili işlər naziri Vilayət Eyvazova müraciətdən sonra məktub aldım. Məktubda yazılana görə, guya avtomobil yoxlanılarkən istismar qaydalarının pozulması faktı təsdiqini tapıb. Halbuki, avtomobil mənim şəxsi əmlakımdır və iştirakım olmadan yoxlanılması qanunsuzdur. Avtomobilin açarı məndə olduğu halda, maşının qazı verilmədən səsboğucunu necə yoxlayıblar, bu da ayrı biabırçılıqdır”, – deyə o vurğulayıb.

Baş Prokurorluq. Foto: Meydan TV
Baş Prokurorluq. Foto: Meydan TV

Şəbnəm Topbaştekinin iddiasına görə, onun və ekspertin iştirakı olmadan belə bir protokolun yazılması qanun pozuntusudur.

Vətəndaş başına gələnləri Baş prokuror Kamran Əliyevə də yazıb və məsələni nəzarətə götürməsini xahiş edib:

“Mayın 5-də Yasamal Rayon Polis İdarəsinə gedib inzibati tənbehvermə haqqında qərarı alsam da, dırnaqarası sənəddə heç bir vəzifəli şəxsin imzası və dövlət möhürü yoxdur. Cənab Baş prokuror, Sizdən xahiş edirəm ki, polis adına ləkə gətirən belə məmur özbaşınalığına son qoyulması üçün qanuni tədbirlər görəsiniz”.

Meydan TV iddialara aydınlıq gətirilməsi üçün ötən həftə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin sözçüsü Zeyni Hüseynova müraciət edib, ancaq hələlik məsələyə rəsmi münasibət bildirilməyib.

Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsindən bildirilib ki, sürücü Ş.Topbaştekin manevretmə qaydalarını pozduğu üçün DYP əməkdaşı tərəfindən saxlanılıb:

Bu zaman müvafiq sənədlər yoxlanılıb, eləcə də avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edilməsi aşkar olunub. Bununla bağlı olaraq nəqliyyat vasitəsi qanunvericiliyə uyğun olaraq mühafizə ilə təmin edilmiş duracağa yerləşdirilib”.

Ana səhifəSosialQanunsuz saxlanıldığını deyən sürücü yol polisindən Baş prokurora şikayət edir