close

HƏMAS liderinin qətli Yaxın Şərqdə böyük müharibəyə səbəb olacaqmı?

İsrail-İran-Türkiyə. Foto: kirill_makarov/shutterstock

Zərdüşt Əlizadə: “İran da daxil olmaqla, müsəlman dünyası İsrailə hücum etmək gücündə deyil”

HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürülməsi dünyanın əsas müzakirə mövzularından birinə çevrilib.

“New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat yayıb ki, İranın dini lideri Əli Xamneyi İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmrini verib.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının fövqəladə iclasında Haniyənin qətlində ABŞ-nin məsuliyyət daşıdığını deyib.

Onun sözlərinə görə, Vaşinqtonun icazəsi və ABŞ kəşfiyyatının dəstəyi olmadan bu dəhşətli qətl həyata keçirilə bilməzdi.

ABŞ Dövlət katibi Entoni Blinken isə deyilənləri əvvəlcədən təkzib etmişdi. Hətta Blinken Qətər vasitəsilə İrandan HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavab verməməsini istəyib.

İsmayıl Haniyənin qətlinə rəsmi Ankara da sərt reaksiya verib.

Prezident Ərdoğan Roma Papası ilə telefon danışığında Haniyənin öldürülməsi və Livana hücumun İsrail, bütün bölgə, dünya və insanlıq üçün təhlükə olduğunu bildirib.

İsa Qəmbər: “Tərəflərdən heç biri böyük müharibədə maraqlı deyil”

Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəflər arasında böyük savaşın olacağını ehtimal etmir.

Bu barədə İsa Qəmbər Meydan TV-nin sualına cavab verərkən danışıb.

Amma Müsavat başqanı vəziyyətin kifayət qədər gərgin olduğunu vurğulayıb:

Proses gərginləşməkdə davam edir. Ancaq tərəflərdən heç biri böyük müharibədə maraqlı deyil. Çünki dövlətlər arasında böyük, gerçək savaş heç kimə fayda gətirməz, hər kəsin ziyanına olar. Ona görə də hələ gedişat belə davam edəcək, qarşıdurmalar olacaq, ayrı-ayrı nöqtələrə zərbələrin endirilməsinin şahidi olacağıq. Lakin böyük savaşın olacağını çox da ehtimal etmirəm”.

İsa Qəmbər, foto: Meydan Tv
İsa Qəmbər, foto: Meydan Tv

İsa Qəmbərin fikrincə, İranla İsrail münasibətləri həddən artıq pisdir, on illərdir ki, belə də davam edir:

“Türkiyə ilə İsrail münasibətləri isə zaman-zaman normallaşır, kəskinləşir, belə də davam edəcək”.

Ərdoğanın populist bəyanatları əmələ çevrilməz”

Siyasi şərhçi Zərdüşt Əlizadə düşünmür ki, hazırkı vəziyyətdə böyük savaş olsun.

Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, İran da daxil müsəlman dünyası İsrailə hücum etmək gücündə deyil:

Əlbəttə, İsmayıl Haniyənin qətli müsəlman dünyasına mənfi təsir göstərib və onları qəzəbləndirəcək. Amma müsəlman dünyasının texnologiya, siyasi təsir və silah sahəsində nəsə etmək imkanı yoxdur. Hətta müsəlman kapitalının idarə edilməsi baxımından da İsraildən gücsüzdürlər. Çünki müsəlman kapitalı əyləncə və eyş-işrətlə yaşayan ərəb şeyxlərinə məxsusdur ki, onlar da Qərbin aparıcı dövlətlərinin “cibində”dirlər. Yəni ərəb ölkələrinin liderləri maliyyəni elmə yox, sərvət toplayıb əyləncə keçirməyə xərcləyiblər. Ona görə müsəlman dünyası miskin durumdadır. Lakin 1948-ci ildə yaranmış İsrail 76 ildə tank, qırıcı təyyarə istehsal edib, mükəmməl aqrar sektor qurub, dərman zavodları yaradıb, vəsaiti tərəqqiyə yönəldib”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə. Foto: arxiv

İrana gəldikdə, Tehran böyük müharibədən çox qorxur. İsrail isə İrana qarşı hər cür addım atır, fikir verin, necə sataşır… Türkiyə isə NATO-nun üzvüdür, İsrail də ABŞ-nin NATO-dan kənar müttəfiqidir. Belə olanda, Türkiyə ABŞ-nin müttəfiqinə hücum etməz. Ərdoğanın populist bəyanatları əmələ çevrilməz, sadəcə, o, gerçək siyasətin əsiridir. Ona görə Tehranla Ankaranın sərtliyi bəyanatdan o tərəfə keçməyəcək. Hazırda İsraildə aparteid siyasət yeridilir, ərəbləri əzirlər və deyirlər ki, yəhudi olmayan insan deyil”, – siyasi şərhçi belə deyib.

İsmayıl Haniyə harada və nə vaxt öldürülüb?

İyulun 31-də HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Səhər saatlarında onun Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Hücum zamanı Haniyə ilə yanaşı, onun mühafizəçilərindən biri də öldürülüb.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

İsmayıl Haniyə Tehrana İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəlibmiş.

Ana səhifəSiyasətHƏMAS liderinin qətli Yaxın Şərqdə böyük müharibəyə səbəb olacaqmı?