close

Blinken: “ABŞ Gürcüstana yardımı dayandırır”

ABŞ-Gürcüstan. Foto: esfera/shutterstock

“Gürcüstan hökumətinin anti-demokratik hərəkətləri və yalan bəyanatları Aİ və NATO-ya üzvlük normaları ilə bir araya sığmır”

Gürcüstan hökumətinin anti-demokratik hərəkətləri ABŞ-nin Gürcüstana birbaşa yardımının dayandırılmasına səbəb olub. Dövlət katibi Entoni Blinkenin müvafiq bəyanatı Dövlət Departamentinin saytında dərc olunub:

Mayın 23-də Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini bəyan etdim. Bu baxış nəticəsində ABŞ Gürcüstan hökumətinə 95 milyon dollardan çox yardımı dayandırır”.

Gürcüstan hökumətinin anti-demokratik hərəkətləri və yalan bəyanatları Aİ və NATO-ya üzvlük normaları ilə bir araya sığmır. Biz bu hərəkətlərə görə Gürcüstan hökumətinə yardımı dayandırdığımız halda, Birləşmiş Ştatlar demokratiyanın, qanunun aliliyinin, müstəqil medianın və iqtisadi inkişafın gücləndirilməsi yolu ilə Gürcüstan xalqının xeyrinə olan proqram və fəaliyyətlərə yardım göstərməyə davam edəcək”, – bəyanatda vurğulanır.

Daha sonra deyilir:

Ölkələrimiz və vətəndaşlarımız arasında mövcud olan 32 illik dostluq və tərəfdaşlıq dövründə ABŞ xalqı Gürcüstanın iqtisadiyyatının və demokratik təsisatlarının inkişafına və möhkəmlənməsinə kömək edərək, 6,2 milyard dollardan çox yardım göstərib. Bizim dəstəyimiz sayəsində Gürcüstanın müdafiə və sahil mühafizə qüvvələri təchiz edilib və təlim keçib, məktəblər və xəstəxanalar tikilib, müəllimlər, dövlət qulluqçuları və tibb işçiləri hazırlanıb. Biz gürcü xalqını və onun Avro-Atlantik istəklərini dəstəkləməyə davam edəcəyik”.

Dövlət Departamentinin sözçüsü də gürcü xalqının xeyrinə olan proqramları davam etdirəcəklərini bildirib. Sözçü Vedant Patel brifinqdə deyib:

Vedant Patel. Foto: “Turan”

Gürcüstan hökuməti öz hərəkətləri, o cümlədən öz müttəfiqləri və tərəfdaşları haqqında dezinformasiyanın yayılması ilə ölkəni öz vətəndaşlarının Avropa istəklərindən uzaqlaşdırır”.

Dövlət katibi ABŞ-nin Gürcüstan hökumətinə verilməli olan 95 milyon dollarlıq yardımı donduracağını açıqladı. ABŞ Gürcüstan hökumətinin Avropa İttifaqı və NATO-ya üzvlük standartlarına uyğun gəlməyən son hərəkətləri və yalan bəyanatları səbəbindən bu addımı atıb.
Unutmayın ki, gürcü xalqının təxminən 80 faizi Aİ üzvlüyünü dəstəkləyir, lakin Gürcüstan hökumətinin hərəkətləri, o cümlədən müttəfiqləri və tərəfdaşları haqqında dezinformasiya ölkəni öz vətəndaşlarının Avropa istəklərindən getdikcə daha çox uzaqlaşdırır” ,
– Vedant Patel deyib.

Dövlət Departamentinin sözçüsü deyib ki, Gürcüstan hökumətini “xarici təsir” qanununu geri götürməyə, digər problemli qanun layihələrini geri çəkməyə, dezinformasiya kampaniyasına son qoymağa, seçkiləri və seçkiqabağı dövrü şəffaf keçirməklə demokratiya və Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırmağa davam edəcəklər.

Onun fikrincə, bu hərəkətlər demokratik tərəfdaşın ABŞ-dən yardım almasını təmin etmək üçün uyğun olacaq.

“ABŞ-nin gürcü xalqına və onun arzularına sadiqliyi güclüdür. Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik.

İkitərəfli münasibətlərin nəzərdən keçirilməsi davam edir və biz, şübhəsiz ki, ehtiyac yaranarsa, əlavə müvafiq tədbirlər görməyə hazırıq”, – Patel bildirib.

Ana səhifəDünyaBlinken: “ABŞ Gürcüstana yardımı dayandırır”