close

Hərbi əməliyyatda həlak olanların bank borcları silinəcək

Mənbə: Mərkəzi Bank

Yaralanmış şəxslərə isə banklar güzəşt edəcək

Anti-terror əməliyyatı zamanı həyatını itirmiş şəxslərin banklara olan borcu silinir. Əməliyyatlarda yaralanmış insanlara isə müəyyən güzəştlər ediləcək. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) açıqlamasında bildirilir.

ABA qeyd edir ki, sentyabrın 19-da başlamış və bir gün davam etmiş anti-terror əməliyyatı nəticəsində həlak olmuş şəxslərin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr silinəcək:

“Yaralanmış hərbiçilərimizin də banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinəcək”.

Qərar ABA-nın sentyabrın 27-də keçirdiyi iclasında qəbul edilib.

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Bir gün sonra Azərbaycan Qarabağda lokal anti-terror tədbirlərinə başladığını elan edib. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Ermənistan isə açıqlama verərək bildirib ki, “Qarabağda erməni qüvvələri yoxdur və Azərbaycanın etdiyi irimiqyaslı təcavüzdür”.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Sonra Azərbaycanın Yevlax rayonunda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş barədə razılığa gəlinib.

İlkin açıqlamada Qarabağdakı silahlıların təslim olduğu bildirilsə də, sonradan onlardan bəzilərinin dirəndiyi ilə bağlı fikirlər səsləndirilib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Ana səhifəSosialHərbi əməliyyatda həlak olanların bank borcları silinəcək