close

Paşinyan Azərbaycanı etnik təmizləmədə ittiham etdi

Nikol Paşinyan. Foto: Meydan TV

Rəsmi Bakı kütləvi tərk etmənin sakinlərin özlərinin qərarı olduğunu deyir

Sentyabrın 28-də Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanı etnik təmizləmədə ittiham edib.

Paşinyan bildirib ki, Bakının apardığı etnik təmizləmə siyasəti nəticəsində ermənilərin Qarabağdan köçürülməsi davam edir.

Təhlillər göstərir ki, yaxın günlərdə Dağlıq Qarabağda daha erməni qalmayacaq. Bu, uzun müddətdir ki, beynəlxalq ictimaiyyətə bəyan etdiyimiz birbaşa etnik təmizləmə və vətəndən məhrumetmə aktıdır. Müxtəlif beynəlxalq oyunçuların Dağlıq Qarabağda baş verən etnik təmizləməni pisləyən bəyanatları önəmlidir, lakin onların ardınca konkret addımlar atılmasa, o zaman bunlar yalnız tarix üçün mənəvi statistikanın yaradılmasının tərkib hissəsi kimi qiymətləndiriləcək”, – deyə Paşinyan əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın açıqlamasına reaksiya verib.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”, – deyə rəsmi Bakı Paşinyana cavab verib.

Ermənistan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır”, – deyə XİN bildirib.

Foto: XİN

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

“Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətPaşinyan Azərbaycanı etnik təmizləmədə ittiham etdi