Hadisə ilə bağlı araşdırma aparılır
İyulun 22-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobilin Kəlbəcər rayonu ərazisində qəzaya uğradığı bildirilir. Məlumata görə, hadisə nəticəsində hərbi qulluqçular – baş əsgər Emin Eldəniz oğlu Əliyev həlak olub, leytenant Əli İlyas oğlu Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hərbi Prokurorluq hadisəni təsdiqləyib.
Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyevin yaydığı məlumatda deyilir ki, faktla əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
“Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”, – qurumun məlumatında vurğulanır.