close

Hesablama Palatası indi də kinostudiyada yoxlama aparır

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası . Foto: AKİ

Kinotənqidçi: “Yoxlamaların keçirilməsi müsbət haldır”

Hesablama Palatasının Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama apardığı bildirilir.

Kinostudiyanın direktoru Nazim Hüseynov APA-ya deyib ki, hazırda yoxlama prosesi davam edir.

“Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir”, – direktor qeyd edib.

Kinotənqidçi Hacı Səfərov Meydan TV-yə deyir ki, yoxlamaların keçirilməsi müsbət haldır.

Hesabatlılığın olması və daim ictimayyətin bu kimi məlumatlardan xəbərdar olması, daha şəffaf bir sistemə keçidin xəbərçisi ola bilər. Düşünürəm ki, bu cür yoxlamalar yaxşıdır və davamlı olmalıdır”, – deyə o bildirib.

2022-ci ilin oktyabrında Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı külli miqdarda yeyinti aşkarlanmışdı.

Hesablama Palatası
Foto: Hesablama Palatası

Hesablama Palatasının apardığı yoxlamalar 2020-2022-ci illəri əhatə edib.

Bildirilirdi ki, dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı maliyyə pozuntularına yol verilib.

Bitmiş və bitmə mərhələsində olan filmlər nəzərə alınmaqla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən filmlərin 53,3%-i bir müqavilə çərçivəsində başa çatmayıb”, – Palatanın ötənilki hesabatında deyilirdi.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Ardınca, noyabrın 1-də isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, qurumun Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov, Protokol şöbəsinin əməkdaşı Kamil Rzayev saxlanılıblar.

Ana səhifəMədəniyyətHesablama Palatası indi də kinostudiyada yoxlama aparır