close

Neftin qiymətində cüzi ucuzlaşma var

Neft və dollar. Foto: GAS-photo/shutterstock

İqtisadçı isə deyir ki, son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib

Ötən həftə neft qiymətləri son 10 ayın ən yüksək səviyyəsinə çatdırdıqdan sonra sentyabrın 11-də cüzi ucuzlaşıb.

Səudiyyə Ərəbistanı və Rusiya keçən həftə gündəlik ümumi 1,3 milyon barel həcmində könüllü tədarük ixtisarını ilin sonuna qədər uzadacaqlarını açıqlayıb.

“Brent” nefti sentyabrın 11-də 0,44 faiz ucuzlaşaraq bareli 90,25 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 0,74 faiz azalaraq 86,86 dollara düşüb.

“Reuters” yazır ki, təchizatın kəsilməsi keçən həftə Çinin iqtisadi fəaliyyəti ilə bağlı davam edən narahatlığı kölgədə qoyub.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, son 3 ayda neftin dünya bazar qiyməti 22 faiz yüksəlib.

Artıq “Brent” markalı neftin qiyməti hər barel üçün 90 dollardan baha təklif olunur:

Vüqar Bayramov
Foto: Meydan TV

“Neftin dünya bazar qiymətindəki artımlar hasilatın azaldılması ilə yanaşı, həmçinin tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, OPEC + alyansı hasilatın optimallaşdırılması siyasətini davam etdirir və bu məsələdə hər hansı yayınmalar müşahidə olunmur. Digər tərəfdən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrdə neftə tələb də yüksəlməkdədir ki, bu da birjalara təsirsiz ötüşmür”.

Neftin qiymətinin artması əməkhaqqı və pensiya ödənişlərinə necə təsir göstərəcək?

Vüqar Bayramov deyir ki, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir:

Yüksək neft qiymətləri xarici valyuta ehtiyatlarımızın artması baxımdan da əhəmiyyətlidir. Əməkhaqqı və pensiyaların mütəmadi artırılması sosial siyasətin əsas prioritetlərindədir. Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır”.

Ana səhifəİqtisadiyyatNeftin qiymətində cüzi ucuzlaşma var