close

“Həyat yoldaşım internetdə başqası ilə tanış olub, uşaqlarımı İrana qaçırıb”

İran. Foto: Emanuele Mazzoni Photo/shutterstock

İranda övladlarını axtaran Azərbaycan vətəndaşı həyatının təhlükədə olduğunu deyir

Azərbaycan vətəndaşı Azər Ağayev bir müddətdir İranda yaşayan 4 övladının geri qaytarılması üçün Xarici İşlər Nazirliyindən kömək istəyir. O iddia edir ki, həyat yoldaşı internetdə tanış olduğu kişi ilə plan qurub, övladlarını saxta sənədlərlə İrana aparıb.

Ağayev Meydan TV-yə bildirib ki, ötən ilin noyabrından İrandadır, övladlarını geri qaytarmağa çalışır.

Mənə verilən məlumata görə, həyat yoldaşım Xalidə Mehbalıyeva İranda müəyyən qüvvələrlə əməkdaşlığa cəlb edilib. Onun Qasım Süleymani ilə birgə fotoşəkli də var. Məhz elə bu kimi səbəblərdən də İran polisi, məhkəmə şikayətimə baxmır, qaldığım otellərdən qovuluram. Övladlarımı mənə qarşı çeviriblər”,- şikayətçi bildirib.

Xalidə Mehbalıyeva Qasım Süleymani ilə. Fotolar: Ağayevlərin ailə arxivindən

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinə, səfirliyə müraciət edib, lakin hələlik nəticəsi yoxdur. Vəkillə təmin edilməyib, Azərbaycan konsulluğu onunla maraqlanmır:

“Ali təhsilim var, elmlər namizədiyəm. Baş verənlərin fərqindəyəm, bilirəm ki, həmin qüvvələr övladlarımın geri qaytarılmasına qarşıdır. Əks halda həyat yoldaşımın, övladlarımın geri dönməməsində maraqlı olmazdılar. Sadəcə olaraq, ata kimi Azərbaycan dövlətinə yalvararaq kömək istəyirəm”.

Ağayev onu da söyləyib ki, İrana gələrkən vəsiyyətini yazaraq anasına verib. Çünki onu hədələyiblər, bildiriblər ki, İrandan geri cəsədi qayıdacaq.

“20 ildən artıqdır ailəliyəm, əvvəllər heç bir problemimiz olmayıb. 2021-ci ildə həyat yoldaşım sosial şəbəkədə özündən 15 yaş kiçik, 3 uşaq atası olan Cəfər Babayevlə tanış olub. Bundan sonra evdə heç nədən mübahisə yaranıb və yoldaşım uşaqları da götürüb ata evinə qayıdıb. Sonradan bildim ki, mübahisə planlı şəkildə yaradılıb. Dəfələrlə cəhd etsəm də, geri dönmədi”,- Ağayev danışıb.

O söyləyib ki, 2022-ci ilin sentyabrında Mehbalıyeva saxta sənədlərlə 4 övladı ilə birlikdə Bakı Hava Limanından Tehrana uçub. Övladların ikisi qız, ikisi isə oğlandır. Uşaqlardan böyüyünün həmin vaxt 15 yaşı olub. Bir övladı isə atası ilə qalıb. Onun icazəsi olmadan övladlarının saxta sənədlərlə ölkədən çıxarılması ilə bağlı Baş Prokurorluğa müraciət edib, məsələ araşdırılır:

Siğə kağızı

“İslam qaydalarına görə, həyat yoldaşı ilə boşanmamış qadın müvəqqəti siğə ilə başqa birisi ilə yaşaya bilməz. Bunu özləri də təsdiqləyirlər. İran dövlət rəsmilərinə də bəyan etmişəm ki, uşaqları mənə verməsələr də, Azərbaycanın rəsmi şəxslərinə təqdim etsinlər. Azərbaycanda məhkəmə olsun, rəsmi boşanaq, uşaqlar kimə istəsələr onunla da qalsınlar. Övladımı Quma göndəriblər, onları ataya, Azərbaycana qarşı çeviriblər”.

Şikayətçinin sözlərinə görə, iki qızı Təbrizdədir, oğlanları isə yatılı müəssisədə qalır:

“Buradakı bəzi azərbaycanlılardan öyrənmişəm ki, Xalidə ilə Cəfər İraqa, Türkiyəyə, Livana, Suriyaya gedib-gəlir. Qumda müəyyən tədbirlərə qatılırlar. Buna görə də uşaqlarımın həyatından nigaranam. İddia olunur ki, Xalidə Mehbalıyevanı yoldan çıxaran Cəfər Babayev SEPAH-a tabe “Camaatul Mustafa” ideologiya mərkəzinə bağlı adamdır, ona görə də həmin mərkəz tərəfindən müdafiə olunur”.

Ağayevlərin övladları

Şikayətçinin təqdim etdiyi səs yazılarında Xalidə Mehbalıyevanın anası da qızının hərəkətlərini dəstəkləmədiyini deyir.

Şikayətçi Mehbalıyevanın şübhəli əməkdaşlığının araşdırılmasını, övladlarının Azərbaycana geri qaytarılmasını istəyir:

“Mənə İranda müxtəlif təzyiqlər edilir, şübhəli zənglər gəlir, təqib olunuram, təhlükədəyəm. Hətta deyirlər ki, kimlərlə mübarizə apardığını anlamırsan, buna görə də dövlətimdən məni tək qoymamağı, 4 uşağın taleyinə biganə qalmamağı xahiş edirəm”.

Meydan TV İranın Azərbaycandakı səfirliyindən problemə münasibət öyrənə bilməyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə məsələni araşdıracaqlarını bildiriblər.

Ana səhifəSosial“Həyat yoldaşım internetdə başqası ilə tanış olub, uşaqlarımı İrana qaçırıb”