close

Hökumət 33 min manata yaxın təzminat ödəyəcək

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi

AİHM Azərbaycanı yenə cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha iki yeni qərar çıxarıb.

“Şahbaz Rüstəmxanlı Azərbaycana qarşı” – işində ərizəçi 1992-ci ildə Azərbaycanda yaradılmış “Qanun Jurnalı Redaksiyası” MMC-nin təsisçisi, direktoru və sahibidir. Məhkəmə işi vergi orqanı tərəfindən əvvəlcədən elan edilməmiş səyyar vergi yoxlamasının keçirilməsi və “Qanun” jurnalı redaksiyasının bank hesablarının dondurulması ilə bağlıdır.

Konvensiyanın 8-ci maddəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, şirkətin binalarında aparılan axtarış və götürmənin onun Konvensiya ilə qorunan hüquqlarını pozduğundan şikayət edib. Həmçinin, 6-cı maddəyə əsaslanaraq, şikayət edib ki, ölkədaxili icraat ədalətli olmayıb, onun əsaslandırılmış qərar əldə etmək hüququ pozulub.

AİHM işdə şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə maddi və mənəvi zərər əvəzi 12 min, hüquqi xərclər əvəzi 1500 avro ödəməlidir.

“Azərbaycan Hüquqşunaslar Assosiasiyası Azərbaycana qarşı” adlı ikinci işdə ərizəçilər hüquqi maarifləndirmə və insan hüquqlarının təşviqi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı və həmin təşkilatın təsisçisi və sədridir. Məhkəmə işi səyyar vergi yoxlamasından sonra ərizəçi təşkilata vergi sanksiyasının tətbiq edilməsi ilə bağlıdır.

Ərizəçi təşkilat Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq daxili məhkəmə icraatının ədalətsiz olmasından şikayət edib. Bildirib ki, daxili məhkəmələr onun təqdim etdiyi müvafiq sübutları tədqiq etməyib, öz qərarlarını əsaslandıra bilməyib. Ərizəçilər, həmçinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, onlara tətbiq edilmiş 4.597,28 Azərbaycan manatı (həmin vaxt təqribən 4.500 avro) məbləğində vergi sanksiyasının onların mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə olduğunu iddia edib.

Bu işdə tərəflər dostca anlaşıb. Anlaşmaya əsasən, hökumət ərizəçilərə 4000 avro ödəməlidir.

Ana səhifəSiyasətHökumət 33 min manata yaxın təzminat ödəyəcək