close

“Human Rights Watch” Xankəndidə humanitar böhranın olduğunu deyir

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

Təşkilat beynəlxalq monitorinqin aparılmasına çağırış edib

Azərbaycanın regiona nəzarəti bərpa etmək üçün apardığı hərbi əməliyyatdan sonra Qarabağda minlərlə mülki vətəndaşın ciddi humanitar ehtiyaclarının yarandığı deyilir.

İnsan hüquqları təşkilatı olan “Human Rights Watch”un yaydığı hesabatda belə bildirilir.

Təşkilat qeyd edir ki, hərbi müdaxilə aylarla davam edən ərzaq, dərman, gigiyena vasitələrinin, həmçinin digər zəruri ləvazimatların kəskin çatışmazlığına səbəb olub:

Azərbaycan 9 aydan çox müddət ərzində regiona avtomobil və piyadaların hərəkətini dayandırmışdı”.

Azərbaycan hakimiyyəti isə daim açıqlamalarında bölgəyə humanitar yüklərin getdiyini, sadəcə, gizli-gizli silah daşınmasının qarşısını aldığını bildirib.

“Qarabağa beynəlxalq monitorinq lazımdır”

HRW bildirir ki, Azərbaycan hakimiyyəti Qarabağın etnik erməni əhalisinin təhlükəsizliyini və humanitar ehtiyaclarını təmin etmək üçün təcili addımlar atmalıdır.

Eyni zamanda, humanitar yardımların gecikmədən bölgəyə çatdırılmasına izin verməlidir:

Azərbaycan Ermənistana getmək istəyən mülki şəxslərin, habelə təcili tibbi yardıma ehtiyacı olan insanların geri qayıtmaq hüququna hörmət etməli, yaşadığı yeri tərk etmək istəyənlərə icazə verməlidir. Dağlıq Qarabağa ərzaq, dərman və digər humanitar ehtiyacların daşınmasına bir çox istiqamətlərdən, o cümlədən Ermənistandan gələn yoldan istifadəyə icazə verilməlidir. Azərbaycanın insan hüquqları, xüsusən də Dağlıq Qarabağın etnik erməni əhalisi ilə bağlı öhdəliklərinə əməl etməsini təmin etmək üçün beynəlxalq monitorinq lazımdır”.

Təşkilat Azərbaycanı Qarabağ ermənilərini çarəsiz duruma salmamağa çağırıb

“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson deyib ki, Qarabağdakı mülki əhali dəhşətli humanitar böhran və gələcəkləri ilə bağlı ciddi qeyri-müəyyənliklə üzləşib:

Azərbaycan hakimiyyəti hər kəsin hüquqlarının qorunacağını bildirib, lakin aylarla davam edən ağır çətinliklərdən və onilliklər boyu davam edən münaqişələrdən sonra bunu qiymətləndirmək çətindir”.

Bəyanatda qeyd edilir ki, əgər Azərbaycan hakimiyyəti humanitar ehtiyacların, o cümlədən insanların iqtisadi və sosial hüquqları üçün vacib olan mal və xidmətlərin həlli üçün təcili addımlar atmasa, onun qəsdən etnik ermənilərin həyatını o qədər acınacaqlı hala gətirməyə çalışdığı qənaətinə gəlmək olar:

“Çünki nəticədə onların yaşadığı yeri tərk etməkdən başqa çarəsi qalmayacaq”.

Hesabatda bildirilir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Dağlıq Qarabağ üzərində tam nəzarəti bərpa etmək üçün hərbi hücumlara başladığı vaxtdan minlərlə dinc sakin evlərini tərk edib.

Çoxları Xankəndiyə (Stepanakert) qaçıb.

Azərbaycan bölgəni Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizindən keçən sərhədi açmadığına görə etnik erməni mülki əhali bölgəni tərk edə bilməyib.

Azərbaycan isə sentyabrın 19-da baş verən hadisələri öz bölgəsində antiterror əməliyyatı keçirməklə əlaqələndirib.

Bir gün öncə sentyabrın 18-də Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.

Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içində 14 nəfər həyatını itirib.

Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sonra isə bölgədə əməliyyat keçirməklə bağlı açıqlama yayıb.

Həmin əməliyyat 23 saat sonra, sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri ilə Yevlaxda görüş razılaşdırılandan sonra, Rusiyanın vasitəçiliyi ilə dayandırılıb.

Rusiya sülhməramlıları 826 mülki vətəndaşı qəbul etdiyini açıqlayıb”

Sentyabrın 22-də Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin bazalarının “826 mülki vətəndaşı qəbul etdiyini” və “onların yaşayış yeri, qida təchizatı və tibbi xidmətlə təmin olunduğunu” bildirib.

Rusiya sülhməramlı qüvvələri Rusiya hərbi bazalarına sığınan mülki şəxslərin humanitar ehtiyaclarını və müdafiəsini təmin etməlidir”, – deyə “Human Rights Watch” bildirib.

Təşkilat əlavə edib ki, sentyabrın 22-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi ərzaq və gigiyena məhsulları da daxil olmaqla 40 ton humanitar yardım göndərdiyini açıqlayıb. Həmin məhsullar mülki şəxslərə paylanmaq üçün Xankəndiyə aparılıb.

“Human Rights Watch” qeyd edib ki, Azərbaycan yenə də ərazidən çıxmaq istəyən, yaxud evinə dönmək istəyən  mülki şəxslər üçün beynəlxalq insan hüquqlarının əsas prinsipi əsasında izin verməyə borcludur.

Sentyabrın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı yaşamaq hüququ və işgəncənin qadağan edilməsi ilə bağlı öhdəliklərinin pozulmasına səbəb ola biləcək hər hansı tədbir görməkdən çəkinməyə məcbur edən müvəqqəti tədbirlər qəbul edib.

Qərarda həmçinin vurğulanır ki, ləyaqəti alçaldan rəftar və ya cəzaya yol vermək olmaz.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Son zamanlarda isə Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Bildirir ki, əraziyə daimi qanunsuz silah daşınır.

Ermənistan isə bunu inkar edir, bildirir ki, ərazidə onların hərbçiləri yoxdur.

Ana səhifəSiyasət“Human Rights Watch” Xankəndidə humanitar böhranın olduğunu deyir