close

Hüquq-müdafiə təşkilatı siyasi məhbus hesab edilən şəxslərin yenilənmiş siyahısını dərc edib

Source: Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu

Siyahıda 235 nəfərin adı var

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq oktyabrın 4-də siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfərin adı daxil olunub.

Yenilənmiş siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.

Həmin siyahıda siyasi məhbuslar 8 qrupa bölünüb:

  • “Jurnalistlər və blogerlər” – 6 nəfər;
  • “Hüquq müdafiəçiləri” – 2 nəfər
  • “Müxalifət partiyaları və hərəkatlarının üzvləri” – 11 nəfər;
  • “Almaniyadan deportasiya olunan siyasi mühacirlər” – 5 nəfər;
  • “ Dindarlar” – 171 nəfər;
  • “Tərtər işi üzrə mühakimə olunanlar” – 7 nəfər;
  • “Gəncə işi üzrə mühakimə olunanlar” – 22 nəfər;
  • “Ömürlük məhkumlar” – 11 nəfər.

“Jurnalistlər və blogerlər” qrupunda Polad Aslanov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev yer alıb. Bu siyahıda ölkənin şimal regionundan olan jurnalist Cəmil Məmmədli yenidir.

“Hüquq müdafiəçiləri”ndən ibarət ikinci qrup da yenidir və iyulun 31-də açıqlanmış əvvəlki siyahıda (ümumilikdə, bu siyahıda 204 nəfər olub) olmayıb”, – “Turan”a siyahının həmmüəllifi, hüquq müdafiəçisi Həsənov bildirib.

Bu qrupda Göyçay rayonundan olan hüquq müdafiəçisi Taleh Xasməmmədov və fəal Bəxtiyar Hacıyevin ictimai müdafiəçisi Rail Abbasov var.

“Müxalifət partiyaları və hərəkatlarının üzvləri” qrupunda 11 nəfər var.
Siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Əlizamin Salayev, Niyaməddin Əhmədov, Şahin Hacıyev, Aqil Hümbətov, Elxan Əliyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu, keçmiş deputat Nazim Bəydəmirli daxildir.
Həmkarlar İttifaqları fəalları Afiəddin Məmmədov, Elvin Mustafayev və Ayxan İsrafilov, eləcə də Azərbaycan Talışları İctimai Şurasının üzvü Ruslan Vahabov bu qrupda yenidir.

“Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” qrupunda əvvəlkitək beş nəfər var: Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurov.

“Dindarlar” qrupuna 171 soyad, o cümlədən “Nardaran işi” üzrə fiqurantlar, bir neçə ilahiyyatçı, habelə ötən ilin yayından bu ilin sentyabrına qədər həbs olunmuş dindar qrup daxildir. Əvvəlki siyahı ilə müqayisədə bu kateqoriyadan bir dindar çıxıb (Ceyhun Babaşov səhhətinin kəskin pisləşməsi səbəbindən həbsdən azad edilib).

Lakin siyahıda “Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin üzvü Ağəli Yəhyayev də daxil olmaqla, 25 yeni inanclı şəxs yer alıb. Həbs olunanların hamısı narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Siyasi məhbusların siyahısında hələ də “Tərtər işi” üzrə 7, “Gəncə işi” üzrə 22 nəfərin adı var. Digər 11 siyasi məhbus ömürlük həbs cəzası çəkir.

Sonuncu qrupdan olanlar 1995-ci ildə XTPD-nin qiyamı və digər hərbi cinayətlərlə əlaqədar güllələnməyə məhkum ediliblər.

1998-ci ildə Milli Məclisin qərarı ilə ölüm hökmü ləğv edildikdən sonra onların barəsində ən yüksək cəza tədbiri ömürlük həbs cəzası ilə əvəz olunub. Ancaq qanunun geriyə qüvvəsi yoxdur. Odur ki, hüquq müdafiəçilərinin fikrincə, ölüm cəzası alternativ cəza, o vaxtkı maksimum cəza – 15 il həbs müddətilə əvəz olunmalıydı.

Ana səhifəSiyasətHüquq-müdafiə təşkilatı siyasi məhbus hesab edilən şəxslərin yenilənmiş siyahısını dərc edib