close

Azərbaycanla İran birgə hərbi təlimlər keçirəcək

Mənbə: Müdafiə Nazirliyi

Xəzər dənizində keçiriləcək təlimlərə İran müşahidəçi qismində qatılacaq

Azərbaycan İran İslam Respublikası ilə Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək.

Bu barədə razılıq oktyabrın 4-də Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral Sübhan Bəkirovla İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Komandanı, 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin Bakı görüşündə əldə olunub.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmi və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlim keçiriləcək.

İranın Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti də bu təlimlərdə müşahidəçi qismində iştirak etmək üçün Bakıya gəlib:

HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib”.

Tərəflərin hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdiyi qeyd olunub.

İranla Azərbaycan arasında nə baş vermişdi?

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.

Ana səhifəSiyasətAzərbaycanla İran birgə hərbi təlimlər keçirəcək