close

Hüquqşünas İnam Kərimovun təyinatını qanunsuz sayır

İnam Kərimov. Foto: “banker.az”

“Bu təklifi prezidentə verənlər məsuliyyətə cəlb olunmalıdır”

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib.

Aprelin 4-də Milli Məclisdə nazirin Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

Toplantıda İnam Kərimovun özünü də iştirak edib.

Parlament sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İ.Kərimovun Azərbaycanın və Avropanın aparıcı universitetlərində yüksək hüquqi təhsil aldığını deyib.

O həmçinin İnam Kərimovun alim kimi elmi fəaliyyətindən danışıb.

Hüquqşünas Əkrəm Həsənov isə İnam Kərimovun Ali Məhkəmənin sədri vəzifəsinə gətirilməsini qanunsuz adlandırıb.

Hüquqşünas “Facebook” səhifəsində yazıb ki, bu təklifi prezidentə verənlər məsuliyyətə cəlb olunmalıdır:

“Kərimovun təyinatı zəruridirsə, ilk növbədə Qanuna düzəlişlər edilməlidir”.

“Qanuna düzəliş edilməsə, İnam Kərimovun fəaliyyəti qeyri-legitim olacaq”

O güman edir ki, Milli Məclisin qərarından dərhal sonra prezident İlham Əliyev də Kərimovu Ali Məhkəmənin sədri təyin edəcək:

“Amma bu, qanunsuzdur! Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-3-cü maddəsinə əsasən, hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Həmin Qanunun 93-4-cü maddəsinə görə isə hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər sözügedən prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən  hakim vəzifələrinə təyin edilə bilərlər”.

Hüquqşünas Əkrəm Həsənov
Mənbə: “Sputnik”

İnam Kərimovun nüfuzu və mənəvi keyfiyyətləri subyektiv məsələdir. Amma tərcümeyi-halından görünür ki, ümumi stajı 21 ildir, onun da yalnız 10 ili hüquqşünas ixtisası üzrə olub. Bu isə artıq obyektiv məsələdir! Əlbəttə, ola bilər ki, o paralel olaraq hüquq sahəsində elmi və pedaqoji fəaliyyətlə də məşğul olub. Lakin ictimaiyyətə onun elmi əsərləri və ya haradasa müəllimlik etməsi faktı bəlli deyil. Beləliklə, o, nəinki Ali Məhkəmənin sədri, ümumiyyətlə, heç bir məhkəmənin hakimi təyin oluna bilməz. Buna görə də Prezidentə bu təklifi verənlər, ya səsini çıxarmadan dəstəkləyənlər məsuliyyətə cəlb olunmalıdır!”, – Həsənov belə yazıb.

Əkrəm Həsənovun sözlərinə görə, qanuna düzəliş edilməsə, İnam Kərimovun fəaliyyəti isə qeyri-legitim olacaq:

“Onsuz da bu təyinat bərbad gündə olan məhkəmə sistemizə növbəti zərbədir. Həm də onun özü üçün problem olacaq. Biz elə bu yaxınlarda Ali Məhkəmənin sabiq sədrinin qanunsuz olaraq vəzifəsində artıq müddətə qaldığını gördük. İndi isə onun xələfinin qanunsuz təyinatı ərəfəsindəyik. Çox təəssüf!..”.

Hüquqşünas Ənnağı Hacıbəyli də hesab edir ki, yuxarı instansiya məhkəmələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilər.

Foto: Meydan TV

Ə.Hacıbəyli bildirib ki, Naxçıvan məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iştirak edir:

Azərbaycan məhkəmələrinin sədrləri, sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər və bir qayda olaraq həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin oluna bilməzlər. Azərbaycan Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrlərinin vəzifəyə təyin edilməsi Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır”.

“Hökumət necə istəyirsə, sistem elə də formalaşır”

Vəkil Elçin Sadıqov Meydan TV-nin sorğusuna cavabında məhkəmə praktikası olmayan şəxslərin birdən-birə hakim təyin olunmasını düzgün saymadığını deyib:

“Belə təyinat hüquq təcrübəsində yaxşı hal kimi qarşılanmır. Düzdür, İnam Kərimov əvvəllər Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. Amma hakim olmayıb”.

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

E.Sadıqov deyir ki, bu cür təyinatlarla məhkəmə sistemində dəyişikliklərə nail olmaq mümkünsüzdür:

“Azərbaycanda məhkəmə sistemi müstəqil deyil. Hökumət necə istəyirsə, sistem elə də formalaşır. Hansısa bir dəyişiklik olacaqsa, hökumətin istədiyi formada olacaq, kimlərinsə istəyinə uyğun yox”.

“Bu, Azərbaycanda ədalət mühakiməsinin təsərrüfat olduğunun təsdiqidir”

Hüquqşünas Yalçın İmanov İnam Kərimovun təyinatını belə xarakterizə edib:

“Bu, Azərbaycanda ədalət mühakiməsinin təsərrüfat olduğunun təsdiqidir. Onsuz da Azərbaycan ədalət mühakiməsinin gəlirli bir təsərrüfat olduğu hamıya bəlli idi. Kifayət qədər də məzmun əlamətləri vardi. İndi də kənd təsərrüfat nazirinin Ali Məhkəmə hakimi təyinatı dediklərimi bir daha təsdiqləyr. Ola bilsin, İnam Kərimov yüksək təhsil müəssisələrində keyfiyyətli təhsil alıb. Amma onun məhkəmə sistemində bir gün də əmək fəaliyyəti olmayıb. Belə olan halda Kərimovun məhkəməyə hansı töhfə verəcəyi məndə şübhə doğurur”.

Yalçın İmanov
Foto: Meydan Tv

“Aydındır, hər hansı şəxsin, hətta Ali Məhkəmə sədrinin də Azərbaycan ədalət mühakiməsini reinkarnasiya emək imkanları yoxdur. Çünki ədalət mühakiməsi sifarişlə və digər dəyərlər əsasında fəaliyyət göstərir. Belə olanda, bu cür təyinatlar istehza və ümidsizlik yaradır”, – deyə İmanov fikrini tamamlayıb.

İnam Kərimov 1977-ci ildə Bakıda doğulub.

O, S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

İ.Kərimov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirəndən sonra 2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

1918-ci ildə kənd təsərrüfatı naziri təyin olunub.

Ona  qədər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Prezident Administrasiyasında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2022-ci ildən Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir.

Ana səhifəSiyasətHüquqşünas İnam Kərimovun təyinatını qanunsuz sayır