close

II qrup əlillə “Azərsu”nun məhkəmə çəkişməsi: “Bina evində 900 manat borc yazıb…”

Sevindik Xankişiyev. Foto: Meydan TV

“Şaxtada bir krant var, onu açıq qoyanda sayğac yazır”

Qaradağın Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələləri üçün tikilmiş çoxmərtəbəli binada yaşayan Sevindik Xankişiyev “Azərsu”dan şikayətçidir.

Vətəndaş Meydan TV-yə deyir ki, 2016-cı ildə köçdüyü mənzilin su sayğacının ay ərzində çox pul yazdığını aşkarlayıb, bununla bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsə də, nəticəsiz qalıb:

Baxırdım ki, qonşular suya ayda 10-15 manat ödəyirlər Bizdə isə sayğac bir ayda 25-30 manat yazırdı. Dəfələrlə “Azərsu”ya şikayət etdim, gəlib baxıb-gedirdilər. Hər dəfə də yalandan vəd verirdilər ki, narahat olmayın, borcunuz silinəcək”.

Vətəndaş deyir ki, 2022-ci ildən su sayğacı daha artıq məbləğ yazmağa başlayıb:

Təsəvvür edin ki, sayğac ayda 60-80 manat yazırdı. Hər gün də “Azərsu”nun “Qaynar xətt”inə şikayət edirdim ki, gəlin bunu düzəldin. Mən 220 manat pensiya alıram. Bu qədər pulu boynuma yükləməyin, ödəyə bilməyəcəyəm. Bina evində ay ərzində 30 ton suyu hara işlədirəm? Dəfələrlə gəlib, baxırdılar və deyirdilər ki, bizlik deyil”.

Vətəndaşın sözlərinə görə, köhnə sayğac yenisi ilə əvəzlənib, amma problem həll olunmayıb:

“Gördülər ki, yox, su yenə də axıb-gedir, sayğac da fasiləsiz fırlanır. Axırda qazanxanada bir su krantı vardı, onu bağladılar, həmin an sayğac düzəldi, normal işləməyə başladı. Həmin krantı da açıq qoyublar, başlığını da çıxarıblar ki, davamlı əlavə pul yazsın. Onu düzəldənə qədər 900 manat suya borc yığılmışdı”.

Sevindik Xankişiyev deyir ki, məsələ məhkəmədə mübahisələndirilib.

Qaradağ Rayon Məhkəməsi “Azərsu”nun xeyrinə qərar çıxarıb:

Məhkəmə qərarından sonra pensiya kartımdan 55 manat çıxdılar. “Azərsu”ya gedib, narazılığımı bildirdim. Mənə dedilər ki, apelyasiyaya ver, qərar çıxarılıb, borc silinsin. Mən də vəkil tutdum, xərc və əziyyət çəkdim, Apelyasiya Məhkəməsinə şikayət etdim. Lakin Apelyasiya Məhkəməsi də Qaradağ Məhkəməsinin qərarını qüvvədə saxladı”.

Şikayətçi məhkəmə qərarı ilə razılaşmır və binanın şaxtasına baxış keçirilməsini tələb edir:

Mən bu dəqiqə hər şeyi sübut edə bilərəm. Şaxtada bir krant var, onu açıq qoyanda sayğac yazır. Mən də deyirəm ki, sübutum var, krant sökülməyib, yerindədir, ora baxış keçirilsin. “Azərsu” yanlışlıq edib, məhkəmə də səhv qərar veribsə, pulunu mən niyə ödəməliyəm? 220 manat alıram, onsuz da özüm dolana bilmirəm. Üç-dörd gün bundan öncə “Azərsu”nun qarşısında aksiya keçirdim. Əməkdaşlarına demişəm ki, əgər mənim kartımdan pul çıxılsa, özümü yandırıb, öldürəcəyəm. Nəyə görə bu qədər pulu mənə yükləyirlər? Səhhətimdə problem var, II qrup əliləm, işləyə bilmirəm. Hər dəfə “Azərsu”ya, məhkəməyə getmək üçün kimdənsə 15 manat borc alıram ki, taksiyə minim. Çünki ayağımda problem var, avtobusa minə bilmirəm”.

“Azərsu” nə deyir?

“Azərsu”nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Meydan TV-yə bildirib ki, vətəndaşın iddiaları əsassızdır:

Foto: Anar Cəbrayıllının şəxsi arxivindən

Sayğaca baxış keçirilib, hesabat aparılıb. Məhkəmə qərarı da var. Hətta apelyasiya şikayəti də verib. Lakin məhkəmə onun borcunu silmədi. Məhkəmədə də deyirdi ki, su axıb-gedib. Amma istənilən halda, sayğacı o, hər gün görür. Sayğac onun xidmətindədir. Nəzarətçilər ayda bir dəfə gedib, sayğacın göstəricisinə baxış keçirib, bildiriş verib gəlirlər. Vaxtında müraciət etsəydi, aktlaşdırılsaydı, komissiyaya müraciət olunsaydı, dedikləri öz əksini tapardı”.

Uzun bir müddət sonra biz onun borca görə suyunu kəsmək istəyəndə, çıxıb belə bir iddia qaldırdı. İddianı da uduzdu. Vətəndaşa şərait yaradırıq, suyunu dayandırmırıq. O da cari ödənişlə yanaşı, hissə-hissə borcunu ödəsin”, – deyə Anar Cəbrayıllı qeyd edib.

Ana səhifəSosialII qrup əlillə “Azərsu”nun məhkəmə çəkişməsi: “Bina evində 900 manat borc yazıb…”