close

“III Respublika” Platforması Əli Kərimliyə təzyiqləri pisləyib

III Respublika Platforması. Foto: Meydan TV


Təşkilat Azərbaycan hakimiyyətindən repressiyaları dayandırmağı tələb edir

“III Respublika” Platforması AXCP və Əli Kərimliyə qarşı davamlı repressiya siyasətini pisləyib.

Bu barədə “III Respublika” Platformasının yaydığı bəyanatda qeyd olunur.

Təşkilat Azərbaycan hökumətindən siyasi rəqiblərinə qarşı repressiyaları dayandırmağı və diffamasiyanın dekriminallaşdırılmasını tələb edir.

Bəyanat müəlliflərinə görə,  Azərbaycan hökuməti uzun müddətdir ki, AXCP-yə qarşı sistematik repressiya kampaniyası həyata keçirir:

Bu siyasi repressiya hüquq mühafizə orqanları tərəfindən davamlı olaraq AXCP üzvləri haqda əsassız və siyasi motivli cinayət və inzibati işlər açaraq onların məhkum edilməsində; AXCP sədri Ə. Kərimlinin ölkədən çıxışına imkan verməmək üçün ona ümumvətəndaş pasportunun verilməməsində (Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu halın pozuntu olmasında qərar çıxarılmasına baxmayaraq həmin qərar icra edilmir); partiyanın qərargahdan məhrum edilməsində, qurultay və iclaslarının keçirilməsi üçün məkanla təmin edilməməsində, sərbəst toplaşma azadlığı çərçivəsində toplantıların keçirilməsinə maneələr yaradılmasında; təşkilata və sədrinə qarşı hökumətyönümlü media və hakim partiyanın, eləcə də hakim partiya ilə əlaqəli peyk partiyaların təmsilçiləri tərəfindən aparılan qarayaxma kampaniyasında; həmçinin 2015-ci ildən bəri AXCP-nin qurultaylarının nəticələrinin əsassız səbəblərlə qeydiyyata alınmayaraq partiyanın fəaliyyətinin iflic edilməsində özünü büruzə verir. AXCP-nin keçmiş üzvü Aydın Əliyev tərəfindən Ə. Kərimliyə qarşı verilən xüsusi ittiham qaydasında şikayət də AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistematik repressiv tədbirlərin tərkib hissəsidir”.

“III Respublika” Platforması hesab edir ki, Aydın Əliyev qarayaxma kampaniyasında və əsassız hüquqi süründürməçilikdə Azərbaycan hökuməti tərəfindən alət kimi istifadə edilir.

Bəyanatda vurğulanır ki, Azərbaycanın hüquq təcrübəsində cinayət diffamasiyasından, yəni Cinayət Məcəlləsinin böhtan və təhqirə dair xüsusi ittiham qaydasında şikayətlərdən sui-istifadə edilməsi və ictimai-siyasi şəxslərin, müstəqil, tənqidçi vətəndaş cəmiyyətinin, eləcə də medianın haqsız yerə cəzalandırılmasına dair çoxlu sayda nümunələr mövcuddur:

“Belə hallar bir çox beynəlxalq publik təşkilatlar və beynəlxalq insan hüquqları təşkilatları tərəfindən qınanılıb və bu təcrübəyə son qoyulmasına dair çağırışlar edilib. Xüsusilə Azərbaycanın beynəlxalq-hüquqi öhdəlikləri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi ictimai-siyasi şəxslərin cinayət diffamasiyası yolu ilə məhkum edilməsinə dair şikayətlər üzrə məhkum edilən ictimai fiqurların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququnun pozulduğunu müəyyən edib (əsas nümunələr Mahmudov və Ağazadə Azərbaycana qarşı və Eynulla Fətullayev Azərbaycana qarşı işlər). Avropa İnsan Hüquqları Məhkəməsinin həmin qərarları əsasında Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətinin diffamasiya ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə nəzarət edir. ATƏT də Azərbaycanda diffamasiyasının dekriminallaşdırılmasını, yəni cinayət əməli olmaqdan çıxarılmasını tələb edir”.

“Vaxtilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan hökuməti Cinayət Məcəlləsinin böhtan və təhqirə dair hüquq normalarının ləğv edilməsi və diffamasiya iddialarına ancaq mülki qanunvericilik çərçivəsində baxılmasına dair qanun layihəsi hazırlamışdı. Lakin daha sonra bu təşəbbüsdən geri çəkildi. Nəticə etibarilə, Azərbaycan hökuməti cinayət diffamasiyasını, yəni böhtan və təhqirə dair Cinayət Məcəlləsinin hüquq normalarını dekriminallaşdırmağa dair beynəlxalq-hüquqi öhdəlik daşıyır. Ancaq öhdəliyini yerinə yetirmir”, – deyə təşkilat qeyd edib.

Əli Kərimlini kim məhkəməyə verib?

Avqustun 9-da AXCP-nin keçmiş üzvü Aydın Əliyev partiya sədri Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məlumata görə, avqustun 13-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin şikayətinə baxılacaq.

Aydın Əliyevin iddiası əsasında ötən ay Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv etmişdi.

Avqustun 13-də Nərimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə məlum olub ki, Aydın Əliyev bir gün əvvəl şikayətinə əlavə göndərib.

Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev bildirib ki, şikayətə əlavə onlara təqdim edilməyib, bu üzdən orada yazılanlardan xəbərsizdilər.

Hakim onlara əlavəni də təqdim edib.

1961-ci il təvəllüdlü Aydın Əliyev şikayətinin icraata götürülərək baxılmasını, Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Babək Pənahov Aydın Əliyevə vaxt verib ki, iddia ərizəsilə bağlı dəqiqləşdirmələr aparsın, lazım olan məlumatlar tapılıb əlavə olunsun.

Həmçinin yaddaş kartında Əli Kərimlinin çıxışlarından ibarət görüntülər diskə köçürülərək, məhkəməyə təqdim olunsun.

Məhkəmənin hazırlıq iclası avqustun 19-da davam edəcək.

III Respublika Platforması…

III Respublika Platforması 7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən təsis edilib.

Strukturun məqsədi Azərbaycanda əsl respublika quruluşunu bərqərar etməkdir.

Platformanın qurucu heyətinə siyasi və ictimai fəallar – Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadıqlı daxildir.

Akif Qurbanov bir il müddətinə qurucu heyətin Spikeri vəzifəsinə seçilib.

Platformanın Spikeri Akif Qurbanov və Qurucu Heyətinin üzvü Ruslan İzzətli 2024-cü ilin martında həbs edilib.

Ana səhifəSiyasət“III Respublika” Platforması Əli Kərimliyə təzyiqləri pisləyib