close

Azərbaycanda 309 dönərxanada nöqsanlar aşkarlandığı bildirilir

Dönər. Foto: “medicina”

AQTA dönərlərdə bakteriyaların tapıldığını açıqlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə 310 dönərxanada monitorinq aparıb.

Agentliyin məlumatında deyilir ki, həmin müəssisələrdən yalnız 1-də sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qənaətbəxş olub.

309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumillikdə, 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.Monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar 21 müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 1 müəssisədə çiy dönər emalının dayandırılması, 16 müəssisədə iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

Həmçinin aşkar edilən pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Həmin ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq məktubları göndərilib.

Ana səhifəSosialAzərbaycanda 309 dönərxanada nöqsanlar aşkarlandığı bildirilir